"Biz BMT Təhlükəsizlik Şurasının, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarları ilə tələb olunduğu kimi, İƏT üzv dövlətlərinin Ermənistan silahlı qüvvələrinin bizim bütün işğal edilmiş ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələbini yüksək qiymətləndiririk".
Bunu xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 42-ci sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan islam ümmətinə, İƏT üzv dövlətlərinə və İƏT Katibliyinə Azərbaycan ərazilərinin işğal edilməsinə, təcavüzə və zəbt edilmiş ərazilərdə məlum etnik təmizləməyə görə Ermənistanın qınanılmasındakı uzunmüddətli davamlı mövqelərinə görə bir daha səmimi təşəkkürünü bildirir.
Fələstindəki vəziyyət və Əl-Qüds Əl-Şərif məsələsi beynəlxalq ictimaiyyətdən vahid mövqenin olmasını tələb edir. Biz İƏT Baş katibi və onun heyətinin bizi səylərimizi birləşdirməyə və Fələstin xalqına bütün zəruri dəstəyin göstərilməsi məqsədilə İƏT Nazirlər Əlaqə Qrupunun səfərlərinin təşkil etməyə yönəlmiş dəyərli işini yüksək qiymətləndiririk. Azərbaycan Hökuməti iki dövlət həllinin tərəfdarıdır və bir daha qardaş Fələstin xalqına sülhə və sabitliyə nail olmaq səylərində və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil dövlətlərinin yaradılmasında tam dəstəyini təsdiq edir.
Nazir daim dinlərin nüfuzuna xələl gətirilməsi və dini zəmində nifrətin alovlandırılmasına qarşı mübarizəyə çağırıb: "Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan terrorizmin bütün forma və təzahürlərini və kim tərəfindən, harada və nə məqsədlə törədilməsindən asılı olmayaraq, terrorçu əməlləri qınayır".
Qeyd edək ki, 27-28 may 2015-ci il tarixlərində Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” başlıqlı 42-ci toplantısının yekun Bəyannamə qəbul edilib.
Bəyannamənin preambulasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanır. Sessiyada “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adı altında qəbul edilmiş qətnamədə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü kəskin şəkildə pislənilir.
Cia.az
