|
Avropa Birliyi baş diplomatından -

Birlik ideyası iflas olur; Moqerini bu ideyaya təzədən baxmağı təklif edir; Azərbaycan və Türkiyənin iradları öz təsdiqini tapmaqdadır... 

Avropa Birliyinin (AB) mötəbər təşkilat olaraq heç də yaxşı dönəm yaşamadığı artıq sirr deyil. Hətta bir sıra müşahidəçilər Ukrayna böhranından və Rusiyaya qarşı sanksiyalar gündəmə gələndən sonra AB-nin öz daxilində də ciddi ziddiyyətlərin baş qaldırdığı qənaətindədirlər.
Bu arada qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini maraqlı açıqlama ilə çıxış edib.
Xanım Moqerini bildirib ki, Polşadakı prezident, İspaniyadakı bələdiyyə seçkilərinin nəticələri, habelə Yunanıstandan və Böyük Britaniyadan gələn xəbərlər Avropa Birliyi ideyasını təzədən nəzərdən keçirmək zərurəti yaradıb.
“Polşa və İspaniyadakı seçkilər - hərçənd nəticələr müxtəlifdir - həmçinin Yunanıstandan və İngiltərədən gələn xəbərlər diktə edir ki, əgər biz qurucu-atalarımızın layihəsini qoruyub saxlamaq istəyiriksə, o zaman birgə mövcudiyyətimizin üsuluna təzədən baxmaq üçün real zərurət var” - deyib siyasətçi. AB diplomatiyasının başçısı Avropada bu zaman xüsusilə də müxtəlifliyin təməl dəyərlərini saxlamağın vacibliyini qeyd edib.
 
Xatırladaq ki, Polşada prezident seçkilərində avroskeptik Anjey Duda qalib gəlib ki, bu da ilin axırında təzələnməsi nəzərdə tutulan hökuməti narahat edib. İspaniyada isə regional və yerli seçkilər yeni siyasi qüvvələrin - ultra-solçu “Podemos” partiyasının qələbəsi ilə başa çatıb. Bu partiya Avroatlantik birliyini sərt tənqid edir və rusiyayönlü baxışları bölüşür. Digər qalib qüvvə - “Ciudadanos” hərəkatını da avroskeptiklər formalaşdırıb.
 
Böyük Britaniyada isə xeyli müddətdir AB-ni tərk eləməklə bağlı çağırışlar səslənir, bu ölkədə AB əleyhdarları güclü təbliğat kampaniyası aparırlar. Yəni artıq kifayət qədər mühüm olan 4 üzv ölkədə - Böyük Britaniya, İspaniya, Yunanıstan və Polşada Avropa Birliyi ideyasına elektoratın baxışı ciddi dəyişikliyə məruz qalıb. Əks halda, seçkilərdə Avrointeqrasiya əleyhdarları qalib gəlməzdilər.
Avropa Birliyi ideyası hələ ki, tam iflas olmasa da, Türkiyənin quruma üzvlüyünə və saxta soyqırım məsələsinə münasibətdə, habelə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində AB-nin nümayiş etdirdiyi ikili standartlarda da özünü əhəmiyyətli dərəcədə gözdən salıb. 
Son olaraq Azərbaycanın ərazi bütövlüyü məsələsinə və erməni işğalı faktına göstərilən, Riqa sammitinin yekun sənədində əks olunan laqeydlik, Dağlıq Qarabağa dair BMT qətnamələrini sənədə daxil edilməsindən imtina olunması haqlı olaraq Azərbaycanı da narazı salıb, Bakını qurumla bir az daha böyük məsafə saxlamağa vadar edib.
 
Dünən isə bəlli olub ki, Azərbaycan və Belarus Avropa Xarici Siyasət Xidmətinə etiraz məktubu göndərib. Məktubda “Şərq Tərəfdaşlığı” Sammitinin yekun bəyannaməsinə etiraz edilir. Lakin məktubların mətni açıqlanmır. Xatırladaq ki, bazar ertəsi Azərbaycanın Xarici İşlər Nazirliyi bildirmişdi ki, sammitin yekun bəyannaməsinin müəllifləri ikili standartlardan yan keçə bilməyiblər.
“Bakı Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar aydın və birmənalı mövqe nümayiş etdirməyi gözləyir”, - deyə XİN bəyanatda qeyd edilirdi.
Son hadisələr, üstəgəl Rusiya işğalına qarşı vahid və təsirli konsepsiyanın ortaya qoyulmaması Moqerinin təklifinin yetərincə aktual olduğunu göstərir. Avropa Birliyi ideyasına təzədən baxmağın zamanı yəqin ki, yetişib. Ancaq əgər yeni ideya da “xristian klubu” ideyasından mənbə götürəcəksə, müsəlman ölkələr olan Türkiyə və Azərbaycana başqa, işğalçı Ermənistana isə xristian olduğu üçün başqa gözlə baxılacaqsa, o zaman önümüzdəki illərdə ciddi keyfiyyət dəyişikliklərindən  danışmağa dəyməyəcək və ideyanın iflası tezləşəcək.   
Cia.az