"Riqada qəbul edilən bəyannamə bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir, ATƏT-in Minsk qrupunun həmsədrlərinin rolunu vurğulayır."
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, bəyannamə həmsədrlərin apardığı işi qeyd edir, münaqişənin nizamlanmasının beynəlxaq hüququn norma və prinsiplərinə əsaslanmalı olduğu ifadə edilən əvvəlki sənədlərə, bu formatda qəbul edilən sənəd və qərarlara istinad edir: "Azərbaycan tərəfi təkid edirdi ki, Riqa bəyannaməsi qəbul edilərkən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin rolu da qeyd edilsin. Həmin qətnamələrdə Ermənistan tərəfinə qarşı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxartmaq tələbi vurğulanır."
Onun sözlərinə görə, Avropalı tərəfdaşlarımız deyirdilər ki, bu, olduqca uzaq və ətraflıdır və biz digər münaqişələr üzrə də bu prosedurları keçirmək məcburiyyətində qalacağıq. Lakin biz son dəqiqəyədək təkid edirdik. Biz hətta dedik ki, ola bilsin, bu bəyannaməyə qoşulmayaq. O zaman kompromis variant üzərində razılaşdıq ki, müvafiq bəyanat verəcəyik və o, yekun bəyannaməyə əlavə ediləcək, orada vəziyyət BMT-nin 4 qətnaməsi nəzərə alınmaqla təsvir ediləcək.
Xatırladaq ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrinin mayın 21-22-də Riqada sammiti keçirilib və bəyannamə qəbul edilib.
Cia.az
