Arzu Nağıyev: “İŞİD-i yaradan və onun fəaliyyətində maraqlı olan qüvvələr heç zaman buna imkan verməzlər”
İŞİD yenidən fəallaşaraq İraq və Suriyada bir sıra bölgələri ələ keçirib. İraqın Suriya ilə sərhəd-keçid məntəqəsini keçən həftə tutan İŞİD yaraqlıları, İraqın paytaxtı Bağdadın 110 kilometrliyində yerləşən Ramadi şəhərinə də nəzarəti ələ alıb. Hazırda İraq ordusu qüvvələrini şəhər ətrafında cəmləşdirməyə çalışsa da, əyalət mərkəzinin ələ keçirilməsi ölkədə yenidən panikaya səbəb olub.
Paralel olaraq Suriyada fəallaşan İŞİD yaraqlıları Suriyada isə qədim Palmira muzey-şəhərini və Tədmur yaşayış məntəqəsini ələ keçirib. Yazın ilk aylarında İraq ordusu və könüllü qüvvələrin hücumları qarşısında xeyli məntəqələri itirən İŞİD-in yenidən fəallaşması şübhələrə yol açır. Müşahidəçilər qruplaşmanın İraqın parçalanmasına səbəb olacağını qeyd edirlər.
Ancaq bu günlərdə məlum olub ki, İŞİD eyni zamanda nüvə silahı ələ keçirməyə can atır. “İndependent” qəzetinin yazdığına görə, qruplaşma üzvləri Pakistandakı tərəfdarları vasitəsilə rüşvət hesabına nüvə silahı və texnologiyalarını ələ keçirməyə çalışırlar. İŞİD üzvləri bildiriblər ki, qarşıdakı bir il ərzində Pakistandan rüşvət hesabına gizli yollarla nüvə silahı komponentləri ələ keçirəcəklər.
Qeyd edək ki, ötən il iyun ayında İraqın ikinci ən böyük şəhəri olan Mosulu ələ keçirən İŞİD adını bütün dünyaya məşhur edib. Həmçinin, Mosulu ələ keçirən zaman İŞİD İraq ordusunun qoyub qaçdığı böyük miqdarda müasir silah və hərbi texnikanı ələ keçirib. Eyni zamanda dünyanın az qala bütün bölgələrindən İŞİD-ə qoşulmuş, eləcə də Səddam Hüseyn ordusunun keçmiş zabitləri hesabına qruplaşma güclü silahlı birləşmələr yarada bilib və ən müasir silah və texnikadan istifadə edir.
Ancaq nüvə silahı dünyanın bir çox nüfuzlu dövlətlərinin belə əldə edə bilmədiyi mürəkkəb bir texnologiyadır. Belə bir silahın İŞİD-in əlinə keçməsi çətin görünsə də, böyük bir risk daşıyır.
Sabiq təhlükəsizlik zabiti, siyasi şərhçi Arzu Nağıyev “Yeni Müsavat” açıqlamasında İŞİD-çilərin nüvə silahı əldə etməsi ehtimalının az olduğunu bildirdi: “Adətən terrorçu təşkilatlar hansısa dövlətlərə hədə-qorxu gəlmək, öz varlıqlarını hiss etdirmək, vahimə yaratmaq üçün bu cür məlumatları dövriyyəyə buraxılar. Ancaq real yanaşsaq, bugünkü dünyada hansısa terror qruplaşmasının rüşvət hesablına nüvə silahı əldə etməsinə imkan verilə bilməz. Nüvə silahı geniş məfhumdur. Bu, müxtəlif təyinatlı nüvə başlıqları, yaxud özündə nüvə komponentləri daşıyan texnologiyaları özündə birləşdirir. Lakin ümumilikdə nüvə silahı və texnologiyalarının hansısa terrorçu qrupun nəzarətinə keçməsi mümkün deyil. Nəzərə almaq lazımdır ki, İŞİD terror təşkilatıdır və aydın məsələdir ki, onun silahı və ya texnologiyanı əldə etməkdə hansı məqsədləri var. Bütün bunlar bəlli olduğu halda kimlərinsə nəyinsə qarşılığında bu texnologiyanı İŞİD-ə satması mümkün deyil”.
A.Nağıyev deyir ki, müəyyən dövrdə bu cür gizli texnika və texnologiyaların oğurlanması halları baş versə də, nüvə silahı kimi təhlükəli və mürəkkəb texnologiyanın hansısa pul hesabına alınması mümkünsüzdür: “Müəyyən zamanlarda belə hallar olub ki, hansısa gizli silah və ya texnologiya müəyyən dövlətlər və ya kəşfiyyat orqanları tərəfindən oğurlanır. Ancaq bu zaman bütövlükdə silahın və ya texnologiyanın özü deyil, müəyyən komponentlər, sənədlər olur. Ancaq nüvə silahını bütövlükdə əldə etmək qeyri-mümkün məsələdir. Təsəvvür edin ki, İran kimi böyük bir dövlət artıq neçə ildir bu sahədə çalışmalara baxmayaraq hələ də bunu axıra çatdıra bilmir. Onu da nəzərə alsaq ki, İŞİD-i kim, hansı məqsədlər yaradıb, onların apardığı silahlı mübarizənin məqsədi, hədəfləri nələrdən ibarətdir, apardığı müharibədə kimlər maraqlıdır, bu qüvvələr heç zaman nüvə silahının İŞİD-in əlinə keçməsinə imkan verməzlər”.
Cia.az
