“Azərbaycan Avropa Məhkəməsindən gələn bütün sorğulara cavab verib”.
Bunu AzNews.az-a açıqlamasında YAP-çı millət vəkili Aydın Mirzəzadə “Avropa Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı Azərbaycan hökumətinə sorğu göndərib” fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İntiqam Əliyevlə bağlı sorğu da cavablandırılacaq.
“Avropa Məhkəməsi prosedur qaydalarına uyğun olaraq Azərbaycan hökumətinə sorğu göndərib. Onlar şikayətçinin iddiası əsasında hökumətin mövqeyini öyrənirlər.
Məhkəmə istənilən işlə bağlı daxil olan şikayəti araşdıraraq sənədin gəldiyi ölkəyə sorğu göndərir. Azərbaycan Avropa İnsan Xartiyası sənədini imzalayan bir ölkə kimi, bu qaydalara hər zaman əməl edib”, - deyə Aydın Mirzəzadə bildirib.
Qeyd edək ki, Avropa Məhkəməsi hazırda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı Azərbaycan hökumətinə sorğu göndərməsi haqda xəbəri vəkil Cavad Cavadov Facebook səhifəsində yazıb.
