|
“My Home” yaşayış kompleksinin təsisçisi həbs edildi - 172 nəfəri aldadıb

Bakıda mənzil satışı adı altında 172 nəfərin aldadılması ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyev barəsində toplanmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Cia.az-a verilən məlumata görə, Nizami rayonunda “Vesta Construction” MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni tikilidə mənzillərin uzun müddət ərzində verilməməsi barədə daxil olan məlumatlar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi Ceyhun Quliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşları mənzil satışı adı altında aldadıb, təkrar dələduzluq etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq materiallarına əsasən, Ceyhun Quliyev Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində şirkət tərəfindən inşa edilmiş “My Home” yaşayış kompleksində mənzil və digər əmlak almaq istəyən şəxslərə əvvəllər başqa şəxslərə satılmış əmlakları yenidən satacağına dair yalan vədlər verib.

O, etibardan sui-istifadə etməklə vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitləri alaraq ələ keçirib. Nəticədə zərərçəkmişlərə xeyli, külli və xüsusilə külli miqdarda maddi ziyan vurulub, çoxsaylı şəxslərin hüquq və qanuni mənafelərinə, eləcə də dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər dəyib.

Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yenidən ittiham elan edilib.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ümumilikdə 172 nəfərin zərərçəkmiş şəxs qismində tanınması təmin edilib. İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ittihamlar üzrə təqsirliliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilməyib.

Musavat.com