Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Cia.az-in xəbərinə görə, komitə sədri bildirib ki, eyni zamanda bu məqsədlə xidmətdə olanlara 94.5 milyon, xüsusi rütbəlilərə 21.5 milyon manat nəzərdə tutulub, bu da ümumilikdə 120 milyon manat deməkdir:
“Azərbaycan ordusunun modernləşdirilməsi, hərbi potensialın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların tətbiqi və hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən olub. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin bərpası Azərbaycanın hərbi və siyasi tarixində mühüm mərhələdir. Lakin hərbi uğurların qorunması və gələcək təhlükəsizlik çağırışlarına hazır olmaq davamlı iş tələb edir.
Bu baxımdan, Prezident İlham Əliyevin müəyyən etdiyi müdafiə siyasətinin əsas istiqamətlərini bir neçə mühüm məsələ üzrə xarakterizə etmək olar:
Birincisi, müasir və peşəkar ordu quruculuğunun davam etdirilməsi.
İkincisi, ordunun ən müasir silah və texnologiyalarla təchiz edilməsi, pilotsuz sistemlər, elektron müharibə vasitələri, kəşfiyyat və rəqəmsal idarəetmə imkanlarının inkişaf etdirilməsi.
Üçüncüsü, yerli müdafiə sənayesinin gücləndirilməsi və xarici təchizatdan asılılığın mərhələli şəkildə azaldılması.
Dördüncüsü, dövlət sərhədlərinin etibarlı qorunması və milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi.
Beşincisi, hərbi qulluqçuların, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin diqqət mərkəzində saxlanılması”.
Arzu Nağıyev vurğulayıb ki, müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız ənənəvi hərbi güclə ölçülmür:“Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması, iqtisadi təhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizliyin ayrılmaz hissəsidir.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş suverenliyin, ərazi bütövlüyünün, milli təhlükəsizliyin və regional mövqelərin etibarlı şəkildə qorunmasıdır. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, regionumuzda təhlükəsizlik çağırışlarının davam etdiyi bir şəraitdə güclü dövlət olmaq, güclü orduya malik olmaq və təhlükəsizlik sistemini daim təkmilləşdirmək strateji zərurətdir.
2027-ci ilin dövlət büdcəsi layihəsi də bu reallıqları nəzərə alan maliyyə sənədidir. Komitəmizin profilinə uyğun olaraq bildirmək istəyirəm ki, büdcədə ən mühüm istiqamətlərdən biri müdafiə və milli təhlükəsizlikdir. Həmin sahəyə ümumilikdə 8 milyard 816 milyon 401 min manat vəsait ayrılması planlaşdırılır.
Müqayisə üçün qeyd edim ki, 2026-cı ildə bu istiqamət üzrə təsdiq edilmiş xərclər təxminən 8 milyard 717 milyon manat təşkil edib. Beləliklə, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin təxminən 98,8 milyon manat, yaxud 1,1 faiz artırılması nəzərdə tutulur. İlk baxışdan 1,1 faizlik artım böyük rəqəm kimi görünməyə bilər. Lakin burada əsas məsələ yalnız faiz göstəricisi deyil, ayrılan vəsaitlərin hansı istiqamətlərə yönəldilməsi, onların nə dərəcədə səmərəli istifadə olunması və ölkənin müdafiə qabiliyyətinə hansı töhfəni verməsidir.
Hesab edirik ki, müdafiə büdcəsinə yanaşarkən kəmiyyətlə yanaşı keyfiyyət göstəricilərinə də xüsusi diqqət yetirməliyik”.
Komitə sədri qeyd edib ki, 2027-ci il büdcə layihəsində müdafiə və milli təhlükəsizlik xərclərinin bölgüsü də diqqətəlayiqdir:
“Belə ki, Müdafiə qüvvələri üzrə 3 milyard 369,6 milyon manat; Milli təhlükəsizlik üzrə 479,2 milyon manat; Sərhəd xidməti üzrə 554 milyon manata yaxın; Müdafiə və milli təhlükəsizlik sahəsinə aid digər fəaliyyətlər üzrə 4 milyard 413,7 milyon manat vəsait nəzərdə tutulur. Bundan əlavə, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 4 milyard manat ayrılması planlaşdırılır”.
Arzu Nağıyev bildirib ki, 2027-ci ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 3 438,6 milyon manat vəsait yönəldiləcək ki, bu da 2026-cı illə müqayisədə 102,3 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 518,3 milyon manat və ya 17,7 faiz çoxdur:
“Müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə və hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2027-ci ilin dövlət büdcəsində nəzərə alınıb. 2027-ci ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15,0 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün isə 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub, eyni zamanda bu məqsədlə xidmətdə olanlara 94.5 milyon, xüsusi rütbəlilərə 21.5 milyon manat nəzərdə tutulub bu da hamısı ümumilikdə 120 milyon manat deməkdir.
