|
Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Cia.az xəbər verir ki, şirkətin yazılı açıqlamasına görə, sınaq "Aselsan" şirkətinin Gölbəkdəki atəş və sınaq mərkəzində baş tutub.

Vakuum elektronikasından istifadə edərək güclü elektromaqnit dalğaları yaradan "Ejderha" sistemi əvvəlcə təxminən 1000 metr məsafədə iki fərqli kabellə idarə olunan dronu sıradan çıxarıb.

Testin ikinci mərhələsində eyni vaxtda 51 dron havaya qalxıb. Çoxtəhlükəli ssenaridə "Ejderha" bütün dronları eyni anda bir neçə saniyə ərzində sıradan çıxarmağı bacarıb.

Bəyanatda həmçinin "Aselsan" şirkətinin baş direktoru Əhməd Akyolun sözlərinə də yer verilib:

"Aselsan şirkətinin Ejderha sistemi dünyada tək bir raket və ya sursat istifadə etmədən 51 dronu bir düyməyə basmaqla uğurla vuran ilk sistem oldu. Güclü elektromaqnit dalğaları sayəsində Ejderha dronları məhv etmək üçün ən təsirli sistemlərdən birinə – dövrümüzün ən böyük təhdidlərindən birinə çevrilib."

A.Akyol əlavə edib ki, "Ejderha" artıq praktik istifadəyə və kütləvi istehsala keçib, eləcə də ölkənin təhlükəsizliyinə töhfə verə biləcək texnoloji səviyyəyə çatıb. O, oxşar texnologiyaların inkişafının davam etdiriləcəyini və Türkiyənin gələcəyə inamla baxa bilməsi üçün yüksək texnologiyalara investisiya qoymağın israrlı və qətiyyətli şəkildə davam edəcəyini vurğulayıb.

Musavat.com