Çin alimləri saç tökülməsinə və keçəlləşməyə qarşı mübarizədə mühüm yeniliyə imza atıblar. Onların hazırladığı xüsusi elektrik darağı laboratoriya siçanları üzərində aparılan təcrübələrdə cəmi 30 gün ərzində demək olar ki, bütün itirilmiş tüklərin yenidən çıxmasını təmin edib. Tədqiqatçılar yeni cihaz vasitəsilə keçəlləşməyə qarşı mübarizədə diqqətçəkən nəticə əldə ediblər.
Cia.az xəbər verir ki, “Detangle” adlı innovativ cihaz çinli tədqiqatçılar qrupu tərəfindən hazırlanıb.
Yeni texnologiyanın əsas xüsusiyyəti elektrik stimullaşdırılması vasitəsilə genetik materialın tük follikullarının dərin qatlarına çatdırılmasıdır. Bu material keçəlləşməyə səbəb olan bioloji mexanizmlərdən birinə təsir göstərərək tüklərin yenidən uzanmasını stimullaşdırır.
Təcrübələr zamanı siçanların tükləri hər gün xüsusi cihazla daranıb. Bir ayın sonunda heyvanların tük örtüyünün demək olar ki, tamamilə bərpa olunduğu müşahidə edilib.
Araşdırmanın nəticələrinə əsasən, yeni üsulun effektivliyi saç tökülməsinin müalicəsində geniş istifadə olunan minoksidil preparatından daha yüksək olub.
Tədqiqatçılar bildirirlər ki, bu texnologiya gələcəkdə dünyada androgenetik alopesiyadan, yəni irsi və hormonal amillərlə əlaqəli saç tökülməsindən əziyyət çəkən 1,5 milyarddan çox insan üçün yeni müalicə imkanları yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, hazırda istifadə edilən müalicə üsullarının müəyyən çatışmazlıqları mövcuddur. Ağızdan qəbul edilən dərmanlar bütün orqanizmə təsir edən əlavə reaksiyalar yarada bilir, baş dərisinə tətbiq olunan vasitələr isə bəzi hallarda kifayət qədər effektli olmur.
Bununla belə, yeni elektrik darağının effektivliyi hələlik yalnız heyvanlar üzərində aparılan təcrübələrdə göstərilib. İnsanlarda təhlükəsizliyi və müalicə nəticələri klinik sınaqlarla təsdiqlənməlidir.
Musavat.com
