|
Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Cia.az xəbər verir ki, bu, Mərakeş Silahlı Qüvvələri Baş Qərargahı və Milli Müdafiə Orqanının İsrail Müdafiə Nazirliyinin direktoru general Əmir Baramın Rabata səfəri ilə əlaqədar birgə bəyanatında əksini tapıb.

Bəyanata görə, "nümayəndə heyətinin başçılığı ilə Mərakeşə gələn" Baram, eyni zamanda Krallığın faktiki müdafiə naziri olan Baş nazirin Milli müdafiə üzrə nümayəndəsi Əbdül Lətif Ludi və Mərakeş Ordusunun baş müfəttişi Məhəmməd Berid ilə danışıqlar aparıb. Kommunikedə tərəflərin "məxfi hərbi məlumatların və materialların qorunması, kibertəhlükəsizlik, təcrübə və bilik mübadiləsi və hərbi personalın təlimi kimi sahələr də daxil olmaqla hərbi əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə etdikləri" vurğulanır. Görüşlər zamanı "hərbi texnika və texnologiyaların alınmasında və müdafiə sənayesinin inkişafında irəliləyişlər qeyd edilib".

Mərakeş və İsrail "birgə hərbi komissiya tərəfindən təsdiq edilmiş fəaliyyət planını" - məlumat mübadiləsi, səyləri əlaqələndirmək və iki ölkə arasında yeni əməkdaşlıq perspektivlərini araşdırmaq üçün yaradılmış hökumətlərarası bir strukturu həyata keçirmək barədə razılığa gəldilər.

Qeyd edək ki, Mərakeş və İsrail arasında diplomatik münasibətlər 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İbrahim Sazişlərinin bir hissəsi olaraq qurulub. Eyni zamanda bu sazişlər əsasında İsrail Bəhreyn və BƏƏ ilə diplomatik münasibətlər qurub. Əvvəllər İsrailin ərəb ölkələri arasında yalnız Misir (1979-cu ildən) və İordaniya (1994-cü ildən) ilə münasibətləri var idi. Bu ilin sentyabr ayının ortalarında Mərakeş və İsrail diplomatik münasibətlərini yüksəltmək, diplomatik missiyalarını səfirlik statusuna qaldırmaq və səfirlər təyin etmək barədə razılığa gəliblər.

Musavat.com