“Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir”.
Cia.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanatında yer alıb.
“Şura bildirir ki, son günlər Azərbaycanda yaşanan ayrı-ayrı hadisələrin kontekstdən çıxarılaraq təqdim edilməsi, ölkəmizin daxili məsələləri ilə bağlı müzakirələrin məqsədli şəkildə siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması peşəkar jurnalistikanın fundamental prinsiplərinə tamamilə ziddir.
Azərbaycan Mətbuat Şurası xüsusi olaraq vurğulayır ki, jurnalistikanın ali vəzifəsi cəmiyyətləri bir-birinə qarşı qoymaq deyil, həqiqəti üzə çıxarmaq, ictimaiyyətə dəqiq məlumat çatdırmaq və qarşılıqlı anlaşmaya töhfə verməkdir. Ancaq təəssüflə qeyd edilməlidir ki, son günlər Türkiyənin bəzi media orqanlarında bunun tam əksi müşahidə olunmaqdadır. Belə ki, ölkəmizin ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi barədə qərar kontekstdən çıxarılaraq təhrif edilir, Azərbaycanda guya “hicab qadağası”nın tətbiq olunması və İslami dəyərlərin sıxışdırılması barədə tamamilə əsassız iddialar yayılır. Həmçinin, sırf daxili təhsil qaydaları ilə bağlı olan bu məsələ süni şəkildə dini-ideoloji qarşıdurma müstəvisinə keçirilir, beləliklə ölkəmiz haqqında mənfi imicin formalaşdırılmasına cəhd göstərilir.
Dini azadlıqlar, təhsil siyasəti və cəmiyyətimizin ictimai-mədəni həyatı ilə bağlı məsələlərin təhrifi, mövzuya aidiyyəti olmayan köhnə və ya saxta foto-video materiallardan istifadə, habelə ayrı-ayrı marginal şəxslərin radikal fikirlərinin bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim olunması ictimai rəyin yanlış istiqamətə yönəldilməsi məqsədi daşıyır. Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də iki qardaş ölkə arasındakı mövcud strateji münasibətlərin ruhuna uyğundur.
Narahatlıq doğuran digər məqam odur ki, bu qarayaxma kampaniyası təkcə sosial şəbəkə seqmenti ilə məhdudlaşmır, Türkiyənin bəzi ənənəvi media orqanları tərəfindən də aparılır. Həmin materiallarda tənqid və fikir azadlığının sərhədləri açıq şəkildə aşılır, sosial şəbəkə hesablarında Azərbaycan Respublikasında konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və hakimiyyətin qeyri-qanuni yollarla ələ keçirilməsinə yönələn təhlükəli çağırışlara tribuna yaradılır.
