Yağışlı və dumanlı hava həftəsonu yollarda təhlükəli vəziyyət yarada bilər. Sürücülərə sürət həddinə, ara məsafəsinə və manevr qaydalarına xüsusi diqqət yetirmək tövsiyə olunur.
Bu barədə Cia.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. Yaş yol örtüyü isə avtomobilin idarə olunmasını çətinləşdirir və əyləc məsafəsini uzadır. Sezar pizza
Həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alan BDYPİ sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edib.
Sürücülərə sürəti yol və görünüş şəraitinə uyğun seçmək, təhlükəsiz ara məsafəsini saxlamaq, texniki nasazlığı olan avtomobillərlə yola çıxmamaq, ötmə və manevr zamanı, eləcə də dayanma və durma yerlərini seçərkən təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunub.
BDYPİ sürücüləri həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırıb.
