Yağışlı və çiskinli hava yollarda qəza riskini artırır. Sürücülər və piyadalar belə hava şəraitində daha diqqətli olmalı, təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.
Cia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində bildirilib.
Qeyd olunub ki, yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.
Sürücülərdən hava şəraitini düzgün qiymətləndirmək, yol və hava şəraitinə uyğun sürət həddi seçmək, avtomobillərin şüşəyuyan və şüşəsilgəc sistemlərinin işlək vəziyyətdə olmasını yoxlamaq xahiş edilib.
Həmçinin zərurət olmadan qəfil manevrlər etməkdən və kəskin tormozlamadan çəkinməyin vacibliyi vurğulanıb.
Müraciətdə piyadalara da təhlükəsizlik qaydalarına ciddi əməl etmək, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamaq tövsiyə olunub.
