Bu ilin fevral ayında Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın son vəziyyəti ilə bağlı məlumat açıqlanıb.
Cia.az xəbər verir ki, "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti"nin yaydığı məlumata əsasən, iyulun 3-də quruma daxil olan müraciət əsasında bıçaqlanma nəticəsində ağır xəsarətlər almış 7 yaşlı uşağın reabilitasiya prosesinə dəstək göstərilib.
Məlumatda bildirilir ki, ailə müraciətində uşağın aldığı ağır xəsarətlərdən sonra əməliyyat olunduğunu, lakin sosial həssas təbəqəyə aid olduqları üçün övladlarının davamlı müalicə və reabilitasiya xərclərini qarşılamaqda çətinlik çəkdiklərini qeyd edib.
Yönləndirmə və qurumlararası əməkdaşlıq nəticəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yeni Klinikanın dəstəyi ilə uşaq rayondan Bakıya gətirilib. O, bir ay müddətində Yeni Klinikanın Fizioterapiya şöbəsində reabilitoloq-fizioterapevt Dr. Pərvin Əkbərovun nəzarəti altında ödənişsiz reabilitasiya xidmətindən yararlanıb.
Hazırda uşağın reabilitasiya prosesi davam edir. Növbəti iki ay ərzində ailənin Bakıda qalması, uşağın müalicə və reabilitasiya prosesinin davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, hadisə zamanı 7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulduğu məlum olmuşdu. Əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər saxlanılıb.
Musavat.com
