G7 liderləri Fransada keçirilən sammitində Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəliblər.
Cia.az xəbər verir ki, bu mövqe liderlərin sammitin yekunlarına dair birgə bəyanatında əksini tapıb:
"Biz, G7 liderləri, Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə ona sarsılmaz dəstəyimizdə birik. Ukraynanın son aylarda döyüş meydanındakı dözümlülüyünə və uğurlarını alqışlayır və yeni bir təkan yarandığını vurğulayırıq".
Cəbhə xəttində bu yeni təkanı sürətləndirmək üçün G7 ölkələri aşağıdakı addımlar barədə razılığa gəliblər:
Hava məkanının gücləndirilməsi: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemlərinin, əlavə zenit sistemlərinin və tutucu raketlərin təchizatını artırmaq.
Düşmən xətlərinin arxasına zərbələr: G7 Ukrayna ordusuna uzaq mənzilli silahların tədarükünü əhəmiyyətli dərəcədə artıracaq.
Hərbi istehsal: Liderlər Ukraynaya xüsusi lisenziyaların verilməsi imkanını nəzərdən keçirməyə hazırdırlar ki, bu da xarici silahların birbaşa Ukrayna zavodlarında qanuni və genişmiqyaslı istehsalına imkan verəcək.
G7 liderləri Ukraynanın qarşıdan gələn qışa hazırlıqlarını xüsusi olaraq vurğulayaraq, ölkənin enerji dayanıqlığını təmin etmək üçün əlavə vəsait və avadanlıq ayırmağı vəd ediblər.
Yekun bəyanatdan aydın olur ki, G7 rəsmi olaraq Rusiya hərbi maşınına iqtisadi təzyiqi artırmağı öhdəsinə götürüb. Qərb liderləri Rusiyanın neft və qaz sektorlarını hədəf alan yeni, güclü sanksiyalar paketi təqdim etməyi planlaşdırırlar.
Maraqlıdır ki, Rusiyaya iqtisadi zərbə Yaxın Şərqdəki dəyişən vəziyyət sayəsində mümkün olub: "Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmağı öhdəmizə götürürük. Bu kontekstdə, xüsusən də neft və qaz sektorlarında sanksiyalarımızı sərtləşdirəcəyik. Hesab edirik ki, indi əlavə tədbirlər tətbiq etmək üçün əlverişli məqamdır, çünki Prezident Tramp Hörmüz boğazının yenidən açılması üçün dəstəklədiyimiz bir razılaşma imzalayıb".
İran neftinin qlobal bazara qayıtması ilə Qərb qlobal enerji böhranı riski olmadan Rusiya yanacaq ixracına qoyulan məhdudiyyətləri tamamilə sərtləşdirmək imkanına malikdir.
Qeyd edək ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra ilk dəfədir ki, ABŞ-ın iştirak etdiyi yüksək səviyyəli görüşdə Ukrayna ilə bağlı belə vahid və Rusiyaya münasibətdə sərt yanaşma əks etdirən sənəd imzalanır. İndiyədək Ukrayna məsələsi ilə bağlı hazırlanan birgə sənədlərdə ABŞ-ın təkidi ilə Rusiyaya qarşı sərt ifadələr, sərt yanaşma əks olunmurdu. G7-nin son sammiti ilk istisna kimi diqqəti cəlb edir.
Musavat.com
