|
İntim bölgənin epilyasiyası xərçəng yaradırmı? –

Artıq 40 ildir ki, tibbin bütün sahələrində istifadə edilən lazerin ən geniş yayılmış növü lazer epilyasiyasıdır.

Az ağrılı olan lazer epilyasiyası açıq dəri və tünd rəngli tüklərdə yüksək effekt verir.

Qadınların tüklərə qarşı güclü silahı olan lazer epilyasiyasının estetik baxımdan gözəlliyimizə gözəllik qatdığı məlumdur. Ancaq lazerlə bağlı qadınları qorxuya salan və onlarda sual yaradan başqa bir məqam var - lazer şüa olduğu üçün şiş yaradırmı?

Mövzu ilə bağlı lazer epilyasiyası üzrə mütəxəssis Gülnar Məmmədli maraqlı açıqlama verib:

Lazer epilyasiyasının həm müsbət, həm mənfi göstərişlərinin olduğunu deyən G. Məmmədli müraciət edən qadınların əvvəlcədən müayinə edilməsini vacib sayır: “Hansısa psixoloji problemi olan, ürək-damar sistemində narahatlığı olan, dəri-zöhrəvi xəstəlikdən əziyyət çəkən xanımlara epilyasiya məsləhət görülmür. Eyni zamanda roakkutan tipli preparatları qəbul edən xanım epilyasiya etdirmək üçün 6 ay gözləməlidir.  Bədəndən həmin dərmanın təsiri tamamilə çıxandan sonra epilyasiyaya müraciət edə bilər”.

Mütəxəssis deyir ki, lazer sayəsində bütün tük molekullarını tam qapatmaq, sıfır tüksüzlüyə nail olmaq mümkün olmasa da, bir neçə prosedurdan sonra tük səviyyəsində 90% azalma olur. Əgər qadın intim bölgənin epilyasiyası üçün ilk dəfə gəlirsə, 1 ay, ya  da ay yarım sonra yenə gəlməlidir. Zamanla prosedurlar arasında vaxt uzadılır.

Onun sözlərinə görə, 17 yaşına çatmayan qızlara lazer epilyasiyası etdirmək qətiyyən olmaz: “Lazer epilyasiyası üçün orqanizm tam formalaşmış vəziyyətdə olmalı, sistemlər tam olaraq funksiyasını yerinə yetirməlidir. Bəzən valideynlər 13-14 yaşında olan qızını gətirir. Öz  mənfəətini güdən həkimlər də  buna razılıq verirlər. Bu, yetişən orqanizm üçün gələcəkdə pozuntu yaşada bilər. Törəmələr yaratma riski yüksəkdir”.

Son vaxtlar qadınların daha çox intim bölgənin epilyasiyası üçün müraciət etdiklərini vurğulayan G.Məmmədli bu epilyasiyanın xərçəng xəstəliyi yaratmadığını deyir: “Lazer şüasının özünün o xəstəliyi yaratmaq gücü yoxdur. Əgər qadının özündə nə vaxtsa onkoloji xəstəlik yaşanıbsa, onda narahat olmağa dəyər. Çünki həmin qadında onkoloji xəstəliyin əlamətləri qaldığı üçün bu lazer onkoloji hüceyrələri yenidən oyada bilər.

Ginekoloq Səidə Cəfərova hamiləlik zamanı lazer epilyasiyası etdirməyi məsləhət görmür. Onun sözlərinə görə, hamiləliklə yanaşı, onkoloji xəstəliklər zamanı, intim bölgədə törəmələr olanda, kistalar, süd vəzi mastopatiyası, qol altı mastopatiyaları, fibroma, eroziya kim şikayətləri olan qadına lazer epilyasiyası məsləhət görülmür.

Ümumiyyətlə, intim bölgənin epilyasiyası zamanı əvvəlcədən ginekoloji müayinə etdirmək vacib sayılır.

Cia.az