İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Cia.az xəbər verir ki, iclasda maliyyə naziri Sahil Babayev 2025-ci ilin dövlət büdcəsinin icrası ilə əlaqədar geniş təqdimatla çıxış edib.
Bildirilib ki, ötən il dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili məqsədilə bir sıra islahatlar həyata keçirilib. Bu istiqamətdə 13 altsistemdən ibarət “Rəqəmsal Dövlət Maliyyəsi” İnformasiya Sistemi yaradılaraq Əsasnaməsi təsdiq olunub. Sistem çərçivəsində artıq “e-müqavilə”, “e--rüsum”, “büdcə məlumat idarəetmə”, “elektron büdcə bələdçisi, “dövlət müəssisələrinin rəqəmsal monitorinqi” modulları istifadəyə verilib.
S.Babayev qeyd edib ki, həyata keçirilən islahat tədbirləri çərçivəsində dövlət xəzinədarlığının fəaliyyəti təkmilləşdirilib, bu istiqamətdə dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin təmin edilməsi, büdcə gəlirlərinin və xərclərinin cari və növbəti dövr üçün proqnozlaşdırılması məqsədilə müvafiq maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib. Eyni zamanda bildirilib ki, hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib, dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb. Xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilib, regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. O cümlədən, hazırda ölkə üzrə bütün ödənişlərin yalnız bir xəzinə orqanı vasitəsilə təmin edildiyi vurğulanıb.
Nazir bildirib ki, hesabat dövründə dövlət müəssisələrinin gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və təhlili Qaydaları, habelə xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar təsdiq edilib, dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının təhlili prosesinə başlanılıb.
