Hadisəni törətməkdə şübhəli bilinən Sakit Piriyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, baş vermiş hadisə cəmiyyət üçün sadəcə bir kriminal fakt deyil:
"Pirşağıda baş verən olay göstərir ki, məişət mübahisələri artıq çox vaxt adi söz-söhbət mərhələsində qalmır, qısa zamanda ağır cinayət tərkibli əməllərə çevrilir. Bu isə ilk növbədə ictimai davranış mədəniyyətində ciddi boşluqların olduğuna işarə edir.
Bıçağın “arqumentə” çevrildiyi hər bir hadisə hüququn yox, emosiyanın hökm sürdüyü bir mühitin nəticəsidir. Halbuki hüquqi dövlətdə mübahisənin həlli yalnız qanun çərçivəsində, yalnız hüquq-mühafizə mexanizmləri vasitəsilə mümkündür. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması operativ tədbirlərin nəticəsidir və bu, hüquq sisteminin işlək olduğunu göstərir. Lakin məsələ təkcə cinayətin açılması deyil, onun baş verməməsi üçün profilaktik mexanizmlər gücləndirilməlidir.
Cəmiyyət anlamalıdır ki, bir anlıq əsəb təkcə bir insanın həyatını yox, bir neçə ailənin taleyini məhv edir. Bu baxımdan belə hadisələr hər dəfə ciddi siqnal kimi qiymətləndirilməli, həm hüquqi, həm də sosial müstəvidə nəticə çıxarılmalıdır. Bu olay cəmiyyətin davranış modelində yığılıb qalmış gərginliyin partlamasıdır.
İlk növbədə psixoloji amil ön plana çıxır. Müasir şəhər mühitində insanlar arasında aqressiya səviyyəsi yüksəlib, özünüidarə və impuls nəzarəti zəifləyib. Ən xırda mübahisə belə emosional partlayışa çevrilir. Bu isə fərdi psixologiyada gərginlik boşaldılması mexanizminin sosial baxımdan düzgün kanallara yönəldilmədiyini göstərir. Nəticədə insan şüuru problemi hüquqi və ya dialoji üsulla deyil, zor vasitəsilə həll etməyə meyllənir".
Mahmud Hacıyev deyib ki, sosioloji baxımdan isə daha ciddi mənzərə ortaya çıxır: "Cəmiyyətdə konfliktlərin idarə olunması mədəniyyəti zəifləyib. İnsanlar arasında sosial dialoq, kompromis və tolerantlıq mexanizmləri yerini sürətlə aqressiv davranış modellərinə verir. Küçə mədəniyyəti, məişət münasibətləri və hətta təsadüfi ünsiyyət formaları belə artıq yüksək gərginlik potensialı daşıyır.
Burada bir vacib məqam da var. Sosial nəzarət institutlarının - ailə, yaxın çevrə və ictimai qınaq mexanizmi bəzi hallarda artıq əvvəlki kimi preventiv rol oynamır. İnsan davranışını tənzimləyən görünməz qaydalar zəiflədikcə, hüquqi məsuliyyət qorxusu da bəzən gecikmiş təsir bağışlayır.
Nəticə etibarilə, belə hadisələr yalnız hüquq-mühafizə orqanlarının işi kimi yox, həm də sosial siyasətin, psixoloji profilaktikanın və ictimai maarifləndirmənin problemi kimi dəyərləndirilməlidir. Çünki cinayət baş verdikdən sonra cəza mexanizmi işə düşür, amma əsas məsələ onun baş verməsinə aparan psixoloji və sosial zəncirin qırılmasıdır.
Bu mənada Pirşağıdakı hadisə bir daha göstərir ki, cəmiyyətin təhlükəsizliyi təkcə polis patrulu ilə yox, həm də sosial davranış mədəniyyətinin səviyyəsi ilə ölçülür".
Musavat.com
