|
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ) imtiyazlarından yararlanmaq, həm də Avropa İttifaqına inteqrasiya etmək cəhdlərinin onun üçün yaxşı nəticələnməyəcəyini bəyan edib.

Cia.az xəbər verir ki, Rusiya rəsmisi Paşinyanın bu siyasətini kəskin tənqid edib: "Nikol yoldaş Lev Trotskinin təhlükəli cığırı ilə getməyə başlayıb. Ermənistanın hansı inteqrasiya birliyində (Aİİ, yoxsa Aİ) yer alması ilə bağlı referendumun keçirilməsi çağırışlarına cavab olaraq, o, Lev Davidoviçin məşhur formulasını tətbiq etdi: "Nə hərb, nə sülh, ordunu isə buraxmaq". Sözün əsl mənasında belə: bizi Aİ-yə çağırmayana qədər referendumda heç bir qərar qəbul etməyəcəyik. Sonra isə təbii ki, qaça-qaça Avropaya tərəf gedəcəyik. Amma bura qədər Aİİ-nin bütün güzəştlərindən istifadə edəcək, Rusiya və İttifaqın digər ölkələri üzərindən məharətlə pul qazanacağıq".

Dmitri Medvedev Ermənistan baş nazirinin bu yanaşmasına ironiya ilə yanaşaraq bəzi tarixi faktları xatırladıb. O vurğulayıb ki, vaxtilə həmin formula Brest-Litovsk sülh müqaviləsinin daha ağır şərtlərlə imzalanması məcburiyyəti ilə nəticələnmişdi: "Trotskinin getdiyi o dolanbaclı cığır isə özü üçün olduqca faciəvi şəkildə sonluq tapdı".