Rusiyanın Novqorod və Vladimir vilayətlərinin fermerləri iri ticarət şəbəkələri tərəfindən yerli kartof və tərəvəz alışının kəskin azalmasından şikayət edirlər.
Cia.az xəbər verir ki, bu barədə məlumat "İzvestiya" qəzetində dərc olunub.
Fermerlər bildirirlər ki, mart-aprel aylarından etibarən "X5", "Maqnit" və "Lenta" kimi nəhəng marketlər şəbəkəsi Rusiya kartofunun alışını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Pərakəndə satış mərkəzləri bunun əvəzinə Azərbaycan, Misir və Çindən gətirilən idxal məhsullarına üstünlük verirlər.
Pərakəndə satıcılar erkən idxal məhsullarına maraq göstərməsi yerli rus məhsullarının böyük həcmdə məhv edilməsinə səbəb ola bilər.
Novqorodun "Veçe" aqrar birliyinin müraciətində deyilir: "Fermerlərin öz məhsullarını tam sata bilməməsi və dövlət dəstəyinin olmaması onların yüksək borclanmasına, müflis olmasına, nəticədə isə ölkənin ərzaq təhlükəsizliyinin zəifləməsinə gətirib çıxarır".
Fermerlərin məlumatına görə, yerli kartofun qiyməti artıq 30-40% aşağı düşərək maya dəyərindən də ucuzlaşıb. Bununla belə, onlar qeyd edirlər ki, xaricdən gətirilən analoji məhsullar bazarda xeyli baha qiymətə təklif olunur.
Musavat.com
