Altsheymer xəstəliyinin müalicəsində inqilab kimi qiymətləndirilən yeni nəsil dərmanlar xəstələrin real vəziyyətində gözlənilən dəyişikliyi yaratmayıb. Tibb dünyasının ən nüfuzlu təşkilatlarından biri olan "Cochrane" tərəfindən aparılan genişmiqyaslı təhlillər bu preparatların klinik baxımdan əhəmiyyətli fayda vermədiyini üzə çıxarıb.
Bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb. Araşdırma çərçivəsində 20 mindən çox insanın iştirak etdiyi 17 klinik sınağın nəticələri təhlil edilib. Diqqət mərkəzində beyni amiloid qatlarından təmizləyən və ABŞ ilə Avropa İttifaqında rəsmi təsdiq almış lekanemab və donanemab kimi bahalı dərmanlar olub.
Məlum olub ki, dərmanlar beyindəki zərərli zülalları azaltsa da, bu proses xəstəliyin gedişatını nəzərəçarpacaq dərəcədə ləngitmir. Radbaud Universitet Tibb Mərkəzinin əməkdaşı Edo Riçard bildirib ki, amiloidlərin təmizlənməsinin avtomatik olaraq sağalma gətirəcəyi fikri artıq şübhə altındadır. Üstəlik, bu müalicə üsulu beyin ödemi və qanaxma kimi ciddi yan təsirlərlə müşayiət olunur. Məhz bu risklərə və yüksək xərclərə görə Böyük Britaniya və Fransa kimi ölkələrin dövlət səhiyyə sistemləri həmin dərmanların tətbiqindən imtina edib.
Lakin bəzi britaniyalı alimlər bu hesabatı tənqid edərək fərqli yanaşmaların olduğunu müdafiə edirlər. Buna baxmayaraq, mövcud vəziyyət Altsheymer xəstəliyinin müalicəsi üçün tamamilə yeni hədəflərin tapılmasının vacibliyini göstərir.
Yəni, Altsheymer xəstəliyini dayandırmaq üçün hazırlanan yeni və bahalı dərmanlar beyindəki bəzi zəhərli maddələri təmizləsə də, xəstələrin yaddaşını və vəziyyətini real olaraq yaxşılaşdırmır.//Demokrat.az
