Kahramanmaraş və Şanlıurfada baş verən məktəb hücumlarından sonra "Telegram" qruplarında cinayətləri tərifləyən mesajlar eşidənləri dəhşətə gətirib.
Cia.az "Haberler.com"a istinadən xəbər verir ki, qruplarda aparılan yazışmalarda cinayətkarların tərifləndiyi, yeni hücumlar üçün tarixlər verildiyi və hətta cinayətlər üçün "qiymət siyahısı" paylaşıldığı məlum olub.
Türkiyəni sarsıdan bu hadisələrdən sonra hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib. Təxminən 100 min üzvü olan və daha əvvəl də səs-küylü cinayətlərlə gündəmə gələn "C31K" adlı qrupda "Sabaha çoxlu müştəri çıxdı, məktəblərə hücumlar təşkil edəcəyik" kimi provokativ mesajlar aşkar edilib.
Türkiyə Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsi tərəfindən verilən açıqlamada, ictimai asayişi pozan, cinayəti və cinayətkarı tərifləyən, eləcə də dezinformasiya yayan 591 sosial media hesabı barəsində qanuni tədbirlərin görüldüyü bildirilib.
Türkiyə Ədliyyə Nazirliyi də mövzu ilə bağlı koordinasiyalı şəkildə fəaliyyətə başladıqlarını elan edib. 81 vilayətin prokurorluqları tərəfindən rəqəmsal platformalarda "sanal patrul" fəaliyyətlərinin gücləndirildiyi, yayım qadağasını pozan və təxribat xarakterli görüntülər paylaşan şəxslərin saxlanıldığı qeyd olunub. Artıq 66 internet ünvanına (URL) giriş məhdudlaşdırılıb və cinayət elementləri daşıyan sözügedən "Telegram" qrupu bağladılıb.
Hazırda hadisələrlə bağlı genişmiqyaslı istintaq və əməliyyat tədbirləri qətiyyətlə davam etdirilir.
Musavat.com
