Avropa Birliyinin bu gün Riqada başlayacaq tərəfdaşlıq sammiti diqqəti yenidən onlara yönəldə bilər; Pol Qobl: “Bölgədə yeni müharibə riski artıb...”
Bu gün Riqada Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində növbəti sammiti öz işinə başlayacaq. Toplantı daha çox Azərbaycan da daxil, 6 tərəfdaş ölkə ilə bundan sonrakı münasibətlərin aydınlaşdırılmasına həsr olunsa da, bu ölkələrin ərazilərindəki separatçı hərəkatlardan doğan münaqişələr də diqqət mərkəzində olacaq.
Bəzi informasiyalara görə, Riqada Azərbaycan və Ermənistan prezidentlərinin təması da mümkündür. Hərçənd dünən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə müşaviri Əli Həsənov ölkə başçısı İlham Əliyevin Riqaya getməyəcəyini bəyan edib.
Digər bir informasiyaya əsasən, Avropa Birliyi Riqa sammiti çərçivəsində qəbul ediləcək yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinin vacibliyi də əksini tapa bilər. Söz düşmüşkən, bugünlərdə Avropa Birliyi rəsmilərindən biri bildirmişdi ki, “Şərq Tərəfdaşlığı” Proqramının bir üzv ölkəsinin digərinin ərazisini işğal eləməsi yolverilməzdir. Söhbət əlbəttə ki, Ermənistandan gedir.
Sonuncu məqam kifayət qədər mühüm hesab edilir. Ən azı ona görə ki, 6 tərəfdaş dövlətdən 4-də Rusiyanın əli ilə yaradılmış və illərdir körüklənən separatçı bölgələr mövcuddur. Ələlxüsus da Azərbaycanın Avropa Birliyi ilə sonrakı əməkdaşlığının perspektivinə belə bir yanaşma mühüm və pozitiv təsir göstərərdi. Eyni zamanda quruma Azərbaycanda inam-etibarı artırar, onun Dağlıq Qarabağ məsələsində ikili standartlara çıxış eləmədiyinə, Ukraynadakı prinsipiallığına və obyektivliyinə sadiq qaldığına əminliyi artırar.
***
Əfsus ki, ATƏT-in Minsk Qrupunun üç həmsədri haqda eyni əminliklə danışmaq mümkün deyil. Xüsusən də vaxtaşırı ermənipərəstliyini qabarıq şəkildə büruzə verən Fransadan söhbət gedir. Elə Riqa sammitinin keçirildiyi günlərdə Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan Fransadadır və bu burada sərbəst şəkildə gəzir, qədim Azərbaycan şəhəri Şuşanı Fransanın hansısa şəhəri ilə “qardaşlaşması” haqda anlaşma imzalayır.
Halbuki rəsmi Paris Ukraynadakı, Donbasdakı, Moldovadakı, Gürcüstandakı separatçılara, onların liderlərinə münasibətdə tam fərqli yanaşma sərgiləyir. O sırada həmin ərazilərin separatçı başçılarının öz ölkəsinə girişini yasaqlayıb. O zaman erməni separatçılara bu sevginin, qucaq açmanın səbəbi nə?

Hərçənd Fransada Qarabağ məsələsinə ədalətli, obyektiv yanaşanlar da var. Məsələn, fransalı senator Natali Qule kimi. “Minsk Qrupu təəssüf ki, Qarabağ münaqişəsinə kifayət qədər diqqət ayırmır”. Bunu “Trend”ə Qule bildirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini işğal edib və azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Xanım Qule onu da qeyd edib ki, Ermənistan günahkardır və bunda heç bir şübhə yoxdur: “Ermənistanın işğalını qınayan qətnamələr var”.
***
Həyata keçməyən o qətnamələrdən biri də Avropa Birliyinin qanunverici orqanı olan Avropa Parlamentinin payına düşür. Hələ ki belə qətnamələr qüvvədən salınmasa da, onları saya salan da yoxdur. Hələ ki.
Azərbaycan isə bu sənədlərə, o cümlədən BMT-nin Qarabağa dair 4 qətnaməsinə söykənərək problemi istənilən an zor gücünə yoluna qoya, yadelli işğalçıları öz ərazisindən vurub çıxara bilər. Bundan ötrü isə təbii ki, təkcə üstün hərbi qüdrət yetərli deyil. Vacibdir ki, yeni müharibə üçün regional və beynəlxalq şərtlər də uyğun olsun...

Nüfuzlu amerikalı politoloq Pol Qobl isə hesab edir ki, Bakı indi böyük layihələr ərəfəsindədir, “müharibə isə həmişə böyük xərclər deməkdir”. Onun qənaətincə, Ermənistanın Avrasiya layihələrinə qoşulması gələcəkdə Azərbaycanla daha böyük konfliktlərin baş verəcəyinin xəbərçisi ola bilər (vesti.az).
“Azərbaycan indi buna qarşı dirəniş göstərməyə çalışır. Üstəlik də hazırda Bakının Qərblə münasibətləri heç də özünün yaxşı dövrünü yaşamır. Moskva əlbəttə ki, bundan faydalanmağa səy edəcək. Ancaq elə bilirəm ki, balanslı xarici siyasət yürüdən rəsmi Bakı Kremlin onun üzərində hökm sahibi olmasına imkan verməyəcək. Əks halda, Azərbaycana tələyə düşə bilər”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, analoji durum Gürcüstanda müşahidə edilməkdədir: “Moskva Abxaziya və Cənubi Osetiya vasitəsilə Tiflisə təzyiqlər göstərməkdə davam edir”.

Pol Qobl həmçinin yeni Qarabağ müharibəsi riskinin artdığını düşünür: “Aydındır ki, İrəvan Kremlin köməyinə ümid edir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bu dəstək yəqin ki, artacaq. Bakı isə müvafiq surətdə öz üstünlüyünü uğurlu hərbi əməliyyatlar keçirməklə göstərmək istəyir. Ancaq mən yeni müharibənin başlayacağını gözləmirəm. Qığılcımlar isə əlbəttə ki, həmişə olacaq. Azərbaycan indi böyük layihələrin astanasında dayanıb, müharibə isə - həmişə böyük xərclər deməkdir”.
***
Ancaq o da var ki, yeni Qarabağ müharibəsi iqtisadiyyatı onsuz da blokada üzündən ağır durumda olan Ermənistanı bütünlüklə çökdürəcək. Bu aqibəti kim bilməsə də, İrəvanda oturanlar yaxşı hesablayırlar yəqin ki. Odur ki, ermənilərin yeganə ümidləri həmişəki kimi, yenə ruslara, Moskvayadır.
Dağlıq Qarabağ problemi də zatən, o vaxt ədalətli həllini tapacaq ki, Rusiya işğalçı ölkənin arxasından çəkiləcək və yaxud neytral mövqe tutmağa məcbur ediləcək. O halda heç yeni müharibəyə ehtiyac da qalmayacaq.
Cia.az
