Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində “Yaşıl enerji layihələri” sessiyası keçirilib.
“Cia.az” xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib.
“Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu o deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu, böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam, ona görə də əminəm ki, biz bir yerdəyik, Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik”, - deyə o əlavə edib.
Leyla Əliyeva son 100 ildə Xəzərdə suitilərin 1 milyondan 200 minə qədər azaldığını qeyd edib.
O, həmçinin ölkəmizin bərpaolunan enerji layihələrinə fəal şəkildə investisiya yatırdığını və məqsədimizin regional yaşıl enerji mərkəzinə çevrilmək olduğunu bildirib.
Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borrero bərpaolunan təmiz texnologiyaların tətbiqinin qazıntı yanacaqlardan asılılığı azaldaraq enerji təhlükəsizliyini artırdığını, vətəndaşları və sənayeni qiymət dəyişkənliyindən qoruduğunu bildirərək bu dəyişikliklərin həm də yeni sənaye imkanları və uzunmüddətli sabitliyin göstəricisi olduğunu qeyd edib.
Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın bərpaolunan enerji potensialından söz açaraq bioenerji, geotermal resurslar və yaşıl hidrogenin inkişafı istiqamətində işlər görüldüyünü qeyd edib. Agentliyin direktoru, eyni zamanda, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində əsas fəaliyyət sənədləri hazırlandığını diqqətə çatdırıb.
