Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyi ilə bağlı qaydalara, təlimatlara və normativ standartlara ciddi şəkildə riayət etməlidirlər. Təbii ki, bu məsələ qanunvericilikdə də öz əksini tapıb və “Yanğın təhlükəsizliyi haqqında” qanunda açıq şəkildə qeyd olunub. Yəni bütün təyinatlı obyektlər – bazar, ticarət mərkəzi, zavod, fabrik və digər ictimai və istehsal müəssisələri bu qaydalara tabedir”.
Bu fikirlərin “Yeni Sabah”a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib. O, qeyd edib ki, müvafiq dövlət qurumu, yəni yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirən qurum tərəfindən aparılan yoxlamalar zamanı aşkar olunan nöqsanlar sahibkarlara və müəssisə rəhbərlərinə yazılı şəkildə təqdim olunur:
“Bildirilir ki, obyekt üzrə hansı normativlər və qaydalar pozulub və onların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir. Təbii ki, iş yerləri və obyekt sahibləri yoxlamanın nəticəsində müəyyən edilən nöqsanları ciddi qəbul etməli və onları qısa zamanda aradan qaldırmalıdırlar. Bu işlər qeyri-peşəkar şəxslərə deyil, mütləq akreditasiyadan keçmiş, lisenziyalı müəssisələrə həvalə olunmalıdır. Əks halda, gələcəkdə yanğın təhlükəsi riski və faciəvi halların başvermə ehtimalı olduqca yüksək olur.
Xarici təcrübədə də bu xidmətlər əsasən özəl müəssisələr tərəfindən ödəniş müqabilində həyata keçirilir. Belə ki, onlar obyektləri yoxlayır, qiymətləndirir, mövcud nöqsanları sahibkara təqdim edir. Sahibkar həmin nöqsanları aradan qaldırdıqdan sonra dövlət qurumu yekun yoxlama aparır və nəticəyə qiymət verir. Azərbaycanda da dövlət qurumu tərəfindən edilən göstərişləri sahibkarlar ciddi qəbul etməlidirlər”.
Müsahibimiz vurğulayıb ki, nöqsanların hər biri kifayət qədər ciddi əhəmiyyət daşıyır:
Məsələn, obyektlərdə avtomatik yanğınsöndürmə və ya yanğın xəbərdaredici siqnalizasiya sistemi quraşdırılmayıbsa və ya quraşdırılıb, amma nasaz vəziyyətdədirsə, bu, böyük risk yaradır. Bu sistemlər tüstü və istilik hiss olunduqda dərhal siqnal ötürərək vaxtında xəbərdarlıq edir. Əks halda, işçilər hadisədən gec xəbər tutur və yanğın qısa zamanda geniş miqyas alır.
Digər vacib məsələ ilkin yanğınsöndürmə vasitələridir. Standart olaraq hər müəssisədə ən azı 6 kq-lıq balon tipli yanğınsöndürənlər olmalıdır. Bu balonlar qapalı məkanlarda 5-6 kv.m-lik yanğın ocaqlarını söndürə bilir. Bir neçə belə balondan istifadə etməklə yanğının böyüməsinin qarşısı almaq mümkündür. Əgər bu balonlar yoxdursa və ya istifadəyə yararsızdırsa, nəticə ağır olur, çünki yanğın hər saniyə sürətlə genişlənir.
