|
“Rusca təhsil almış alimlərə xüsusi imtiyaz tanınır” - Tibbi Bərpa İnstitutunun elmi işçilərindən ölkə başçısına şikayət

Bir neçə gün əvvəl gundemxeber.az saytında “Direktor qaziləri təhqir edir” sərlövhəsi altında Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçilərinin ölkə başçısına, birinci xanıma və surətini əlaqədar qurumlara ünvanladıqları şikayəti təqdim olunmuşdu.

Mətni kifayət qədər uzun olan şikayətnamənin yalnız bir hissəsini dərc etsək də, məsələ elmi və tibbi ictimaiyyət arasında rezonans doğurub.

Xatırladaq ki, şikayətin 7 bəndlik birinci hissəsində İnstitutun baş direktoru Mətanət Əfəndiyevanın işçilər arasında ayrı-seçkilik etməsindən, hüquqpozmalara rəvac verməsindən, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulmasından, qazilərə verilən yemək menyusunda əskiklik olmasıından, direktorun yarıtmaz idarəçilik siyasətinə etiraz edən işçilərin daim aşağlanmasından və s. qanunsuzluqlardan bəhs olunurdu.

Şikayətnamənin davamını təqdim edirik:

8. Aylıq rüşvət müqabili əsasında bəzi həkimlərə (hətta yeni işə götürülmüş cavan kadrlara) elmi işçi tam ştatı ilə yanaşı həkim yarımştat əlavə paylanıb, rüşvət verməyənlərə isə ümumiyyətlə bu vakant yerləri elan etmədən, “struktur dəyişir, gözləyin” deyilərək aldadılaraq yola salınır.

9. Müvafiq ixtisas üzrə rəsmi Şəhadətnamələri (Sertifikatları) olmayan həkimlərə şərait yaradılıb, onlar növbədə qalır, stasionarda xəstə aparır, bizim sənədlərimiz tam yerində olmasına baxmayaraq işimizdə məhdudlaşma və manelər yaradılıb, xəstə aparılmasına stasionarda imtina olunur. Bizim bacarıqlarımıza uyğun olan manipulyasiyalar icbari tibbi sığorta xidmətlər zərfində qarşılansa da, və biz bunu bacarsaq da, institut rəhbərliyi süni şəkildə bu prosedurların aparılmasına qadağa qoyur, məcbur oluruq xəstələrimizi başqa klinikalara yönəldək. Lakin manipulyasiya və iynə otaqlarında 10-15 AZN müqabilində xəsətələrə intravenoz infuziyalar qoşulur.