Son aylarda bir çox ölkədə "Nimesil" adlı məşhur dərman vasitəsinin istifadəsinin dayandırıldığı bildirilir. Bunun sözügedən dərmanın ağır fəsadları ilə əlaqəli olduğu qeyd olunub.
Azərbaycanda da "Nimesil"in qadağan ediləcəyi barədə iddialar yayılıb.
Cia.az xəbər verir ki, modern.az iddialarla əlaqədar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ilə əlaqə saxlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, nimesulid tərkibli dərman vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı qərarlar milli tənzimləmə yanaşmalarından asılıdır:
"Belə ki, bir qrup ölkələrdə riskləri olan preparatların preventiv şəkildə bazardan çıxarılmasına üstünlük verilir (ABŞ, Avstraliya və s.). Digər bir qrup ölkələrdə, əgər risklər idarə edilə bilirsə yanaşma olaraq daha çox məhdudiyyət strategiyası tətbiq olunur. Bu qrup ölkələrə Türkiyə Respublikası, Rusiya Federasiyası, Ukrayna, Belarusiya, və sairə aid etmək olar. Bəzi ölkələrdə nimesulidin istifadəsi məhdudlaşdırılmış olsa və ya qadağan edilsə də, bir çox ölkələrdə (İtaliya, Türkiyə Respublikası, Polşa, Xorvatiya, Bolqarıstan, Macarıstan, Finlandiya, Yunanıstan, Meksika, Braziliya, Latviya, Litva, Malta, Kipr, Rusiya Federasiyası, Türkmənistan, Ukrayna, Özbəkistan, Belarusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və s.) istifadəsinə icazə verilib".
Mərkəzdən verilən açıqlamada bldirilir ki, bu tərkibli dərman vasitələri ölkəmizdə, dərman vasitəsi ilə əlaqəli müvafiq tövsiyələrə (qısa müddətli istifadəsi, resept əsasında buraxılması, ciddi həkim nəzarəti altında təyin edilməsi) riayət edilərək, nimesulidin faydasının potensial risklərindən üstün olduğu qərarı verildikdən sonra, istifadəsini nəzərə alaraq və bir sıra farmakonəzarət tədbirlərinin icrası şərti ilə (dərman vasitəsinin təhlükəsizlik profilinin davamlı izlənilməsi) qeydiyyata alınıb.
"Mövcud hepatotoksiklik riskini idarə edə bilmək üçün nimesulid tərkibli dərman vasitələrinin (nümunə üçün Nimesil) içlik vərəqəsinin (xəstələr üçün) müvafiq bölmələri vasitəsilə (İstifadəsinə göstərişlər, Əks-göstərişlər, Xüsusi göstərişlər və ehtiyat tədbirləri, Əlavə təsirləri, Digər dərman vasitələri ilə qarşılıqlı təsiri və s.) tanış olmaq mümkündür. İçlik vərəqəsinə əlavə edilən bu məlumatlar onun qaraciyər toksikliyi riski və digər əlavə təsirlərinin nəzarətə alınmasına və minimallaşdırılmasına imkan verir.
