Ermənistanın yuxarı dairələrində Sünik qubernatoru Surik Xaçatryanın istefası məsələsi müzakirə edilir.
Bu barədə İrəvanda dərc olunan “Joxovurd” qəzeti məlumat verib. Qəzetin yazdığına görə, buna səbəb Surik Xaçatryanın adının mütəmadi olaraq qanlı qalmaqallarda səslənməsi ilə bağlıdır.
Məsələ Ermənistan parlamentində də müzakirə edilib. Müxalifətçi deputat Zarui Postancyan bildirib ki, Surik Xaçatryan indiyə kimi dörd dəfə mühakimə olunub və axırıncı dəfə Avetik Budaqyan adlı həmyerlisini öldürüb. Surik Xaçatryanın oğlu da mütəmadi cinayət hadisələrinin iştirakçısıdır. Axırıncı dəfə o, üç nəfəri yaralayıb və onlardan bir nəfər kor olub.
Zarui Postancyan bildirib ki, Surik Xaçatryanın oğlu narkomandır. Erməni parlamentinin deputatı, general Seyran Saroyan məsələyə qarışıb və Zarui Postancyanı hədələyib ki, Xaçatryan ailəsindən əl çəksin. “Sənin oğlun narkomandır”,- deyə general müxalifətçi deputatdan Surik Xaçatryanın oğlunun narkoman olduğunu sübut etməyi tələb edib. Postancyan deyib ki, bunu ekspertiza təsdiq edib.
Erməni jurnalistlərinin yazdığına görə, bu cür cinayətkarlar Ermənistanda hakimiyyətə məhz Serj Sarkisyanın dəstəyi ilə gəlirlər. “Cinayət aləmi ilə dövlətin birləşdirilməsi kriminalın tam qələbəsi ilə nəticələnəcək və onun qurbanı Serj Sarkisyanın özü olacaq”, - deyə erməni şərhçi Naira Hayrumyan vurğulayıb.
Cia.az
