Ekspertin fikrincə, xüsusi “Yol xəritəsi” təqdim edilsə belə, Bakı Avropa Birliyi ilə əməkdaşlıqda ön sıraya enerji və təhlükəsizlik mövzularını qoyur...
Mayın 20-22-də Avropa Birliyinin (AB) Riqa şəhərində növbəti “Şərq tərəfdaşlığı” sammiti baş tutacaq. 2013-cü il noyabrda keçirilən sonuncu sammitdən sonra dünyanın siyasi gündəminə ciddi hadisələrin gəldiyini nəzərə alsaq, növbəti sammitə marağı anlamaq olar.
2013-cü ildə məhz Vilnüs sammitindən sonra Ukraynada məlum hadisələr, ardınca müharibə və Qərb-Rusiya qarşıdurması baş verdi. İndi isə Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələri növbəti dəfə bir yerə yığır. Yeri gəlmişkən, Riqa sammitində proqrama üzv olan 6 ölkədən beşi, o cümlədən Azərbaycan ən yüksək səviyyədə, yəni prezidentlə təmsil olunacaq. Mötəbər toplantıda habelə Fransa, Almaniya və Avropanın digər liderləri iştirak edəcək
Latviya XİN “Şərq tərəfdaşlığı” məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykans bildirib ki, AB sammiti çərçivəsində Azərbaycan, Belarus və Ermənistana isə əməkdaşlığa dair xüsusi, özəl təklif olacaq. Sitat: “Bundan əlavə, sonrakı əməkdaşlıqla bağlı Azərbaycandan təkliflər gözləyirik”.
Ancaq hələlik AB-nin Bakıdan nə gözlədiyi və eləcə də Bakının nə təklif etmək istədiyi məlum deyil. Bir fakt məlumdur ki, 2013-cü ildə keçirilən sonuncu sammitdə Azərbaycan prezident səviyyəsində iştirak etməyib. Yalnız əməkdaşlığın davam etdirilməsi və viza sadələşdirilməsi kimi texniki sənədlər imzalanıb. O zaman belə məlumatlar yayıldı ki. Azərbaycan Rusiyanın sərt təpkisini qazanmamaq üçün bu cür hərəkət edib.
Doğrudan da, Ukrayna olayları, ardınca Moldovada baş verən lokal hadisələr göstərdi ki, Azərbaycanın ehtiyatlı olması üçün əsasları kifayət qədər ciddi imiş. İndi isə Bakı daha riskli görünür. Baxmayaraq ki, indi də Moskva Riqa sammitini az qala “milli maraqlara təcavüz” kimi təqdim edir. O zaman sual oluna bilər, Bakını hərəkətə gətirən və AB-nin istədiyi özəl təkliflər və ya belə desək, “yol xəritəsi” nələri ehtiva edə bilər?

Siyasi şərhçi Natiq Miri deyir ki, əslində Ukrayna hadisələrinin bu gün davam etməsi Ukrayna, Moldova və Gürcüstandan sonra digər postsovet respublikalarının Qərbə inteqrasiyası, xüsusilə də “Şərq tərəfdaşlığı” proqramı və Avropa Birliyi ilə Assosiativ sazişin imzalanmasının qarşısını almağa hesablanıb.
Ekspert Riqa sammitindən ciddi nəticə gözləmir, onun fikrincə, Azərbaycan siyasi öhdəlik götürməkdə maraqlı deyil: “Riqa sammitindən Azərbaycan üçün irəli gedən nəticələr çıxarmaq doğru olmazdı. Azərbaycanın məsələyə öz yanaşması var. Və rəsmi Bakı Avropa, Qərb dünyası ilə əməkdaşlıq, xüsusilə də təhlükəsizlik nöqteyi-nəzərindən əməkdaşlıq çərçivəsində Azərbaycanın daxili işlərinə qarışılmamasını istəyir. Söhbət demokratiya və insan haqları mövzusunda Qərbin müdaxiləsindən gedir. Ancaq Qərb bunu istəmir və ən azından Bakı Avropa Yay Oyunları ərəfəsində bunu onun mövqeyindən, o cümlədən Avropa Parlamentinin müraciətindən görmək olur. Fikir verdinizsə, xüsusi qabardılan məsələ insan hüquqları ilə bağlıdır. Ona görə də Azərbaycan üçün xüsusi ”Yol xəritəsi" müəyyənləşmiş olsa belə, nəticə etibarı ilə Azərbaycan sadəcə olaraq bu şərtlərin içərisində yalnız gələcəkdə müəyyən islahatların keçirilməsi müqabilində Avropa ilə tam mənada əməkdaşlığı nəzərdə tutur".
N.Mirinin fikrincə, Azərbaycan hökuməti Qərblə yalnız enerji sahəsində əməkdaşlığa hazır olduğunu ortaya qoyub. Belə ki rəsmi Bakı “daxili işlərə” qarışmadan enerji əməkdaşlığı fikrini dəstəkləyir: “Bu da təbii ki, Azərbaycanın enerji daşıyıcılarının sərbəst şəkildə Avropa bazarlarına daşınması üçündür. Çünki bu gün Azərbaycanın neft və qaz bazarı Qərbdədir. Bildiyiniz kimi Azərbaycan neft və qaz məhsullarının 85 faizini yalnız Qərbə satır. Ona görə də düşünürəm ki, istənilən ”Yol xəritəsinə" rəğmən Azərbaycanın məsələyə baxışı bundan ibarətdir ki, Qərbin enerji təhlükəsizliyində Azərbaycan tam şəkildə iştirak edəcək - bu prosesin içərisində Transxəzər layihəsi də nəzərdə tutulur - və bunun müqabilində Azərbaycan yalnız və yalnız üzərinə götürdüyü öhdəliklər çərçivəsində müəyyən islahatları tədricən həyata keçirəcək. Bu da iqtisadi islahatların və sonradan müəyyən siyasi islahatların keçirilməsini özündə ehtiva edir".
Bu mənada ekspertə görə, hətta “xüsusi təkliflər” olsa belə, Bakı ora siyasi islahatlar tələbinin salınmasını qəbul etməyəcək, yaxud çox cüzi bir şəkildə salınması ilə razılaşacaq: “İqtisadi islahatlar hələ demokratiya və liberal rejimin oturuşması demək deyil. Çünki bir çox liberal və demokratik olmayan ölkələrdə iqtisadiyyat inkişaf edir. Məsələn, Çin dövləti. Ona görə də Azərbaycan bir çox iqtisadi islahatların öhdəlik olaraq götürülməsinə razıdır. Ancaq bundan daha artığı, xüsusilə də siyasi, seçki islahatlarının keçirilməsi, o cümlədən seçki qanunları ilə bağlı Qərbin Azərbaycana tətbiq etdiyi bir çox təzyiqlərlə Azərbaycan razılaşmır və razı olmayacaq”.
(musavat)
