|
Sabirabad səhiyyəsindən vətəndaşların narazılığı

Sabirabad səhiyyəsinin “Doktor Mikayılov Sindromu”
“Mənə heç olmasa bircə dövlət göstərin ki, onun səhiyyə sistemi nöqsansız olsun. Bizdə də problemlər var və heç kim onlara göz yummağın tərəfdarı deyil. Ancaq bizi tənqid edənlər təbabətin bugünkü vəziyyəti ilə on il əvvəlki halını müqayisə edə bilərlər”. Bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev “Tibb” qəzetinə verdiyi müsahibəsində kütləvi informasiya vasitələrində səhiyyə sisteminin tənqid olunmasına münasibət bildirərkən demişdi.

Tərəqqipərvər media işçiləri yalnız sağlam tənqidin əhəmiyyətini təsdiqləyirlər. Amma hörmətli nazir nəzərə almalıdır ki, bütün dünyada da təbabət on il əvvəlki vəziyyətdə deyil və bu sahədə gedən inkişaf prosesləri Azərbaycana da sirayət edib. Və baş verənlərin ötəri, vizual müşahidəsi belə deməyə əsas verir ki, Azərbaycan səhiyyəsi dünya təcrübəsindən çox şeyi əvəz edib, bircə bu sistemdə korrupsiyaya qarşı mübarizə təcrübəsini öyrənməyə ehtiyac duymamışıq. Təkcə Sabirabad səhiyyəsinin hazırki durumuna nəzər salanda bu müstəvidə vəziyyətin nə qədər acınacaqlı olduğu barədə təsəvvürlər dəqiqləşər.

Balıq başdan, xəstəxana baş həkimdən…
Sabirabad səhiyyəsinin əsasını təşkil edən Rayon Mərkəzi Xəstəxanası 320 çarpayılıqdır. 205 çarpayı xəstəxanada yerləşməklə 7 şöbəni əhatə edir. Burada cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-ginekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, poliklinika şöbələri və vərəm əleyhinə xəstəxana fəaliyyət göstərir. RMX-da 558 nəfər tibb işçisi çalışır ki, onlardan da 122 nəfəri həkim, 436 nəfəri orta tibb işçisidir.

Bu rəqəmlərə nəzər yetirəndə ilk baxışdan belə görünür ki, Sabirabadda əhalinin sağlamlığının keşiyində durmaq üçün ayıq-sayıq həkimlər arzusu, hər cür şəraiti, müasir texnika və avadanlıqla təminat, maddi-texniki baza və s. vardır. Ancaq rayon səhiyyəsində işin mahiyyətinə varanda, dərinliyinə nüfuz edəndə aşkar görünür ki, keyfiyyət çatmır. Səbəb də sistemin başdan-ayağa korrupsiya girdabına batmasıdır. Xatırlayırsınızsa, bir neçə ay əvvəl Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədovun sosial şəbəkələrdə yayılan rüşvət qalmaqalı böyük səs-küyə səbəb oldu. Bu hadisə və son aylarda Sabirabadda baş verən ana ölümləri faktları Səhiyyə Nazirliyinin komissiya iclasında müzakirə olundu və xəstənin yaxınlarından rüşvət istəyən direktor vəzifəsindən azad olundu.

Amma rüşvətxorluq təkcə Perinatal Mərkəzdə deyil, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının bütün şöbələrində, eləcə də kənd həkim məntəqələrində tüğyan etməkdədir. Səbəb, daha doğrusu, səbəbkar RMX-nın baş həkimi Əziz Mikayılovdur. Kürlə Arazın qovşağında yaşayan sabirabadlılar “balıq başdan iylənər” atalar sözünü yaxşı bilirlər və narazı qaldıqları tibbi xidmətin səviyyəsinin aşağı olmasında günahı “Əziz-təbərik” həkimdə görürlər. Amma ondan qurtulmaq üçün özləri qərar vermək səlahiyyətində deyillər.

Xəstələr Sabirabad vətəndaşlığından imtina edir
Doktor Mikayılov baş həkim vəzifəsinə keçən gündən tələbkarlığını ortaya qoyub. Ancaq bu tələbkarlıq özündə keyfiyyəti deyil, rüşvəti əsas meyar götürüb. Mərkəzi Xəstəxananın istisnasız olaraq bütün şöbələrinin - cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-ginekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, poliklinika şöbələrinin, vərəm əleyhinə dispanserə, sahə xəstəxanalarının, kənd həkim məntəqələrinin, ayrı-ayrı həkimlərin üzərinə baş həkim tərəfindən aylıq haqq qoyulub. Bütün növ analizlər, müayinələr üçün də rüşvət tarifləri müəyyən olunub. Onlar da öz növbələrində “yuxarı” ötürdüklərin “aşağıdan”, yəni, xəstələrdən qoparırlar, vətəndaşları incik salırlar. Daha pisi budur ki, hətta istədikləri kəmiyyətdə rüşvət ödənildiyi təqdirdə belə Sabirabad həkimləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərmirlər. Bu üzdən sabirabadlılar səhhətlə bağlı problemləri yarananda qonşu rayonlara, əsasən Şirvan şəhərinə, paytaxt Bakıya, Biləsuvarı adlayaraq İrana üz tuturlar. Bir ara hətta olub ki, Azadakənd, Şirinbəy və daha bir neçə kəndin əhalisi rayon rəhbərliyi qarşısında məsələ qaldıraraq, həmin kəndlərin Sabirabaddan alınaraq qonşu Salyan rayonunun inzibati idarəçiliyin altına verilməsini tələb etmişdilər. O vaxt müsbət həllini tapmayan bu tələbin əsas səbəbləri sosial problemlər, o cümlədən, uzun məsafə qət edərək getdikləri rayon mərkəzi xəstəxanasında səhiyyə xidmətinin yarıtmaz vəziyyətdə olması idi.

Xəstələrdən pul, yumurtadan yun…
Həkimlər, şöbə müdirləri Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin yeganə gəlir mənbəyi deyildir. Pulsuz verilməli olan dərman preparatları faktiki olaraq əhaliyə satılır. Şəkərli, onkoloji və digər imtiyazlı qrupdan olan xəstələr də onlara dövlətin şamil etdiyi güzəştlərdən faydalana bilmir, baş həkimin onlardan gizlətdiyi, çatdırılmasını ləngitdiyi insulin və digər vacib dərmanları “əl altdan” almaq məcburiyyətində qalırlar.

“Yumurtadan yun qırxan” Ə.Mikayılov büdcədən Sabirabad səhiyyəsinə ayrılan dövlət vəsaitinə də əl qoyur, təyinatı üzrə və səmərəli istifadədən yayındırır. İnventar və avadanlıqların, dəftərxana ləvazimatlarının alınması üçün nəzərdə tutulan vəsaitin də baş həkim tərəfindən mənimsənildiyi barədə məlumatlar dolaşır. Əsas vəsaitlər və istilik sistemi üçün yönəldilən vəsait də “yolundan azdırılaraq, Mikayılovun cibinə axmışdır.”

Xəstəxanada ərzaq təminatı da yalnız kağız üzərindədir. Xəstə yiyələri xörəyi özləri gətirirlər. Təbii ki, bu maddə üzrə ayrılan vəsait də silinərək baş həkim tərəfindən yeyilir.

Doktor Mikayılovun yandırdığı səhiyyənin tüstüsü
İnformasiya məkanında Sabirabadın baş həkimi Əziz Mikayılovun aktivinə yazılacaq məlumata rast gəlmək müşkül məsələdir. Ancaq onun passivinə işləyən informasiyalar yetərincədir. İnternetdə axtarış elan edəndə rast gəldiyimiz yazıların təkcə sərlövhələri hər şeyi güzgü kimi əks etdirir. Məsələn, “Sabirabad səhiyyəsinin fəlakətli durumu”; “Əziz Mikayılov Sabirabad səhiyyəsini bərbad günə qoyub”; “Sabirabad səhiyyəsi nədən İrana xəstə ixrac edir?”; “Sabirabad səhiyyəsinin Əziz Mikayılov problemi”; “Sabirabadın killerə çevrilən baş həkimi”; “Sabirabadın Mərkəzi Xəstəxanasında bazar açılıb”; “Əziz Mikayılova həvalə edilən səhiyyə ocağına niyə nəzarət edilmir”; “Əziz Mikayılov uşaq ölümünü gizlədir?” və s. Bu siyahını uzatmaq da olar. Əsla elə başa düşülməsini istəmirik ki, biz də həmin yazılarda ehtiva olunan ittihamları tam təsdiqləyirik. Amma unutmayaq ki, “ocaq yanmayan yerdən tüstü çıxmaz”. İstəməzdik ki, yazdığımız bu yazı yalnız və yalnız həmin sıraya bir əlavə kimi tarixə düşsün. İctimai qınağın, problemin ictimailəşdirilməsinin ən uğurlu sonluğu onun həlli ilə nəticələnməlidir. Həmin yolu isə ən azı Əziz Mikayılovun vəzifədən kənarlaşdırılmasından, daha yaxşı (!) halda isə onun məsuliyyətə cəlb olunmasından keçir.

Əziz həkimi əzizləyənlərə mesaj
Amma çox təəssüflər olsun ki, nə Səhiyyə Nazirliyi, nə də Sabirabad rayon rəhbərliyi Əziz Mikayılovun yarıtmaz siyasətindən artan narazılıqlara lazımi reaksiya vermir, onun barəsində sərt tədbirlər görməyə tələsmir. Görünür, Sabirabad səhiyyəsini “doktor Mikayılov sindromu”ndan qurtarmaq üçün ölkə başçısı möhtərəm cənab İlham Əliyevdən, hörmətli millət vəkili xanım Mehriban Əliyevadan kömək istənilməlidir. Axı, Sabirabad səhiyyəsində baş verənlər möhtərəm Prezidentimizin bu sahəyə göstərdiyi qayğı və diqqətə, hökumətimizə etibarlı tərəf müqabili kimi çıxış edən Heydər Əliyev Fondunun səhiyyəyə dəstək layihələrinə, ixtisasca həkim olan birinci ledinin ana və uşaq səhiyyəsinin inkişafı naminə göstərdiyi xidmətlərə kölgə salır. Artıq Sabirabad sakinlərinin ölkənin birinci şəxslərinə ünvanladıqları şikayətlərdə ümidsizlik ifadə olunur. Məsələn, I qrup əlil Muradov Azad İlqar oğlu hesab edir ki, səhiyyədəki özbaşınalıqlar barədə yazdığı ərizələri Prezidentə və Heydər Əliyev Fonduna çatdırmayıblar.

…Bizsə pessimist deyilik və düşünürük ki, tezliklə Əziz Mikayılovun əzizlənməsinin sonu gələcək. Nazir Oqtay Şirəliyev və icra hakimi Nazim İsmayılov əhalinin sosial rifah səviyyəsinin ən mühüm göstəricisi olan səhiyyəni Əziz Mikayılova tapşırılmağın nə demək olduğunu, onunla çiyin-çiyinə çalışmağın özlərinə də şərəf gətirmədiyinin fərqinə varacaqlar.

 

 CİA.Az