İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının (İraqın şimalındakı muxtar vilayət) inzibati mərkəzi olan Ərbilə raket zərbələri endirib.
Cia.az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.
“Ballistik raketlərdən Mossada məxsus sionist rejimin casusluq mərkəzləri, eləcə də İraq Kürdüstanında anti-İran terror qruplaşmalarını məhv etmək üçün istifadə edilib”, - məlumatda deyilir.
Bəyanatda bildirilir ki, yanvarın 3-də Kirmanda törədilən terror aktına, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin şəhadətinə səbəb olan sionist rejimin son vəhşiliklərinə cavab olaraq Ərbil yaxınlığındakı hədəflərə hücum edilib.
“Reuters”in məlumatına görə , partlayışlar Ərbildən təxminən 40 km şimal-şərqdə yerləşən ərazidə və şəhərin özündə ABŞ konsulluğunun yaxınlığında eşidilib. Agentlik qeyd edir ki, Ərbildəki Amerika obyektlərinin heç birinə ziyan dəyməyib.
İraq Kürdüstanının səlahiyyətliləri raket hücumu nəticəsində 4 mülki şəxsin həlak olduğunu, daha 6 nəfərin isə yaralandığını bildirib. Hücumdan dərhal sonra Ərbil Beynəlxalq Hava Limanında fəaliyyət dayandırılsa da, daha sonra iş bərpa olunub.
yeniavaz.com
