"Əminəm ki, səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm mərhələ olacaqdır. Keçən il mən Vyetnama dövlət səfərimi etmişəm. Səfər çox uğurlu keçmişdi. Mənə göstərilən qonaqpərvərlik heç vaxt yadımdan çıxmaz. Hesab edirəm, bir il ərzində artıq sizin Azərbaycana səfəriniz onu göstərir ki, bizim aramızda inkişafda olan əlaqələr çox intensiv xarakter daşıyır".
Bunu prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqla birgə mətbuata bəyanatla çıxışında deyib. Dövlət başçısı bildirib ki, ikitərəfli əlaqələrin müxtəlif sahələri geniş şəkildə müzakirə edilib:
"Bir daha gördük ki, bir çox məsələlərlə əlaqədar bizim mövqeyimiz üst-üstə düşür. İlk növbədə, hər iki tərəf ikitərəfli əlaqələrini genişləndirmək fikrindədir. İlk növbədə, siyasi əlaqələrimiz inkişaf edəcəkdir. Hazırda siyasi əlaqələr çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu təsdiqləyir. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də çox uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün aparılan danışıqlar nəticəsində qərara gəldik ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda biz bir-birimizi dəstəkləyəcəyik. Bu, çox önəmli məsələdir. Çünki bu, ikitərəfli əlaqələrin yüksək səviyyəsini əyani şəkildə göstərir".
İlham Əliyev qeyd edilib ki, bu gün, eyni zamanda, həmkarı ilə regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparıb: "Mən cənab prezidenti bizim regionda baş verən hadisələrlə bağlı məlumatlandırdım. Qeyd etdim ki, regional təhlükəsizlik üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illər bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, bu qətnamələri icra etmir və beləliklə, işğal davam edir.
Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ərazimizin 20 faizi hələ də işğal altındadır. Bir daha qeyd etməliyəm ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirib. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu mötəbər təşkilatlar birmənalı olaraq Azərbaycanın haqqı işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul ediblər.
Bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır. Beynəlxalq hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlüyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe nümayiş etdirməlidir. Burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir. Bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir".




Cia.az
