|
İlham Əliyevin Avropa Oyunları mesajı...

Zahid Oruc: “Görünür, biz xalq olaraq iyunun 12-dək məlum oyunlara cavab verməliyik, 12-dən sonra isə idmançılar cavab verməlidir”

Dövlət başçısı İlham Əliyev Azərbaycana yönəlmiş təzyiqlərdən danışıb. Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş mərasimdə çıxışı zamanı İ.Əliyev növbəti dəfə Azərbaycana qarşı təzyiq kampaniyalarının olduğunu deyib. Dövlət başçısı bildirib ki, müəyyən qüvvələr hər dəfə Azərbaycanda beynəlxalq tədbirlər keçirilən zaman ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil edir.

Sitat: “Üç il bundan əvvəl ”Eurovision" mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı nə qədər çirkin qarayaxma, şantaj, böhtan kampaniyaları aparılmışdı. Bütün bunları biz yaxşı xatırlayırıq. İndi də təxminən eyni mənzərə ilə üzləşirik. Ancaq o vaxt da bunun heç bir təsiri, əhəmiyyəti yox idi, bu gün də yoxdur. Çünki Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq, Azərbaycan xalqı necə yaşayır. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Azərbaycan ictimaiyyəti bütün bu müsbət dəyişiklikləri görür, onları təqdirlə qarşılayır. Ona görə bu yüksək kürsüdən mənim üçün çox əziz bir gündə bir daha demək istəyirəm ki, bütün bunlara fikir vermək lazım deyil. Bizim siyasətimizə bunun heç bir təsiri olmayacaq".
Azərbaycanın tarixinin ən güclü dövrünü yaşadığını qeyd edən İ.Əliyev aparılan işlərin inkişafa hesablandığını və dövlətin möhkəm dayaqlar üzərində qurulduğunu bildirib. Qeyd edək ki, son zamanlar Azərbaycan hakimiyyəti nümayəndələrinin çıxışlarının əsas hədəfi məhz xaricdən ölkəyə qarşı həyata keçirilən təbliğat və təzyiqlərdir. Rəsmilərin çıxışlarında bir qayda olaraq Azərbaycana qarşı qaralama və güclü əks-təbliğatın aparıldığı qeyd olunur. 
Deputat Zahid Orucun fikrincə, Azərbaycana qarşı təbliğat elementləri xüsusən bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi zaman hiss olunmağa başlayır. Deputata görə, Azərbaycan bu cür tədbirlər vasitəsilə Avropanın bir hissəsi olduğunu nümayiş etdirməyə çalışır, bu isə birmənalı qarşılanmır: “Azərbaycan bu tədbirlərlə müəyyən bir iddiasını ortalığa qoyur. Yəni keçmiş sovet məkanına daxil olan ölkələr sırasından seçilərək Qərbin enerji və iqtisadi məsələlərdə, eləcə də vaxtında bir sıra təhlükəsizlik formatında, indi isə idman tədbirləri ilə bir hissəsi olmaq istəyi bir sıra qüvvələr tərəfindən qəbul olunmur. Yəni bu, Azərbaycanın Avropanın paytaxtı olduğunu göstərən hadisədir. İkincisi isə gücünü ortalığa qoyur. Zəif, parçalanmış ölkə buna qadir ola bilməz. 
 
Məsələn, bir qədər əvvəl qərbli jurnalist Azərbaycanda ağır müharibələrin getdiyini və bura gəlməyin təhlükəli olduğunu söyləmişdi. Eyni zamanda burda qeyri-qanuni müsəlman icmalarının mövcud olduğunu və digər dinlərə qarşı bir dözümsüzlük olduğunu qeyd etmişdi. Və bunu onlar üçün bir problem kimi qoymuşdu. Yəni Azərbaycan üçün bir imkandır ki, buranın radikal, digər dinlərə qarşı dözümsüzlərin deyil, tolerant, digər dinlərə qarşı xoşgörülü insanların yaşadığı, dünyəvi dövlət qaydaları, çoxillik ənənələri, mədəniyyəti olan  bir toplum olduğunu təqdim eləsin. Bu isə görünür, kimlərisə narahat edir". 
 

Z.Oruc deyir ki, daha bir önəmli məqam informasiya axını və bundan faydalanmaqdır. Deputatın fikrincə, Azərbaycan bu yarışlarla həm də təbliğat imkanları qazanır və təbii ki, bundan narahat olanlar da var:“İnformasiya çox bahalı bir resursdur. Bu gün dünya çapında belə məsələlər üzərindən təqdim olunmaq bu ölkənin xeyrinə işləyir bütün parametrlərinə görə. Yəni bu, bir biznes layihəsi olmasa da, mahiyyətcə bütün sahələrə təsiri var. Ona görə də bu bahalı informasiya resursundan Azərbaycanın istifadə etməsi də görünür ki, regionda ölkəmizin mövqeyini, imkanlarını dəyişəcək. Bax bu hesablamaların üzərindən qərarlar verənlər var ki, Azərbaycan idarəolunmaz bir vəziyyətdə olacaq. Ona görə də düşünürəm ki, qarşıdakı dövrdə çoxlu filmlər çəkiləcək, Azərbaycan əleyhinə təbliğat aparılacaq, Azərbaycanın bu hadisələr üzərində incə şəkildə Qarabağ təbliğatı aparmasına, necə deyərlər, diversiya cəhdləri ediləcək. 
Oyun sözü Azərbaycan leksikonunda iki məna daşıyır. Biri gerçək yarışdır ki, orada normal güc, mübarizə, münsiflərin iştirakı ilə yarış olur. İkincisi isə müxtəlif çirkli ssenarilər və sair qara əməlləri nəzərdə tutur. Görünür, biz xalq olaraq iyunun 12-dək məlum oyunlara cavab verməliyik, 12-dən sonra isə idmançılar cavab verməlidir. Təxminən mübarizə iki hissəyə ayrılıb".
(musavat)