PS. Azərbaycan hökuməti bildirir ki, İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərin ailələrinə dəstək verilməsi üçün mexanizmlər hazırlanıb. Lakin əksinə durumun daha acınaqlı vəziyyət aldığını göstərir. Şəhid ailələri və qazilərə qarşı olunan haqsızlıqlar səbəbindən onlar hətta intihar yoluna da əl atırlar. Bunun nəticəsidir ki, bu gün Qazi aylarla, illərlə döydüyü, lakin heç cür üzünə açılmayan qapıları dözməyib təpiklə sındırıb açmaq məcburiyyətində qalır. Əlbəttə ki, buna haqq qazandırmaq olmaz, ancaq onu bu vəziyyətə gətirənləri də bağışlamaq olmaz... Məlum komissiyalardakı süründürməçilik, ədalətsizlik, qanunlara istinad edilərək, min cür bəhanələr gətirilməsi kimi boşboğazlıqlar təsadüfə yox, təxribata bənzəyir. Çünki bu, beş günün, beş ayın məsələsi deyil. Müharibə bitən gündən bu narazılıqlar var və onlar yoluna qoyulmur ki, qoyulmur. Belə görünür ki, nazirlik işinin öhdəsindən ya gələ bilmir, ya da gəlmək istəmir. Çünki onları qapılarda, növbələrdə süründürənlər, mənəvi və maddi sıxıntıyla üz-üzə qoyanlar, onların qarşısına çıxmağı özlərinə yaraşdırmayanlar bu xalqın, millətin yox, düşmənlərin arzusunu yerinə yetirirlər...
Hurriyyet.az
