|
Azərbaycan çempionu vaxtından erkən müəyyənləşdi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının çempionu müəyyənləşib.

Cia.az xəbər verir ki, çempionatın qızıl medalını “Abşeron” qazanıb.

 

Eldar Yusubovun yetirmələri bu titulu Super Liqanın III dövrəsinin son – təxirə salınmış VIII turunda təmin edib. Günün ilk matçında “Azərreyl”ı sınağa çəkən abşeronlular bu qarşılaşmada qələbə qazanıb – 3:0 (25:16, 25:21, 25:16).

İlk 8 oyunda da xal itirməyən Yusubovun komandası ən yaxın izləyicisi üzərindəki bu qələbədən sonra hesabını 27 xala çatdırıb. “Azərreyl”dən 13 xal uzaqlaşan “Abşeron” rəqibləri üçün əlçatmaz olub.

Mövsümün sonuncu – IV dövrənin üç turunu çempionluq baxımından formallığa çevirən Bakı təmsilçisi tarixində ilk dəfə qızıl medallara yiyələnib. “Abşeron” bu titula sahib çıxan 3-cü komandadır. Bunadək yalnız “Rabitə” və “Azərreyl” çempion adını əldə edib. 

Qeyd edək ki, gümüş və bürünc mükafatçının adına son dövrədə aydınlıq gələcək