|
Kirayə mənzil axtaranlara BƏD XƏBƏR-Bu ərazilərdə...

Son aylarda ölkədə əmlak bazarında artım müşahidə edilir.  Əsasən də, yeni binalarda olan mənzillərin qiymətində bahalaşma ciddi şəkildə hiss olunur.

Bahalaşmanın səbəbləri sırasında müxtəlif iqtisadi faktorlar dayanır. Onlardan biri də tikinti materiallarının bahalaşmasıdır.   

Xüsusilə Bakının mərkəzində və yaxın ərazilərdə evlərin qiyməti “dodaq uçuqladır”.

Qeyd edək ki, yanvar ayında paytaxtda ikinci əl mənzil bazarında qiymətlər 0,87 faiz, ilkin mənzil bazarında isə qiymətlər 10,20 faiz bahalaşıb.

 

Hazırda Bakı şəhərində mərkəzdən kənar ərazilərdə təmirli  1 otaqlı mənzil 65 000 manat,  2 otaqlı-85 000 manat , 3 otaqlı mənzil isə 95-100 000 manata təklif olunur.

 Təmirsiz mənzillərə gəldikdə isə eyni ərazilərdə 1 otaqlı mənzil-55 000 manat, 2 otaqlı- 65-70 000, 3 otaqlı isə 85-90 000 manat arası qiymətlərlə satışa qoyulur.

Bəs kirayə evlər necə? Mənzillərin bahalaşması kirayə mənzil bazarına təsir edibmi?

Musavat.com-un kirayə mənzillərin verilməsi ilə məşğul olan ofislərdə olduğumuz zaman öyrəndik ki, bu bazarda da qiymətlər artıb.

Kirayə mənzillərin qiyməti evlərin təmirli və təmirsiz, metroya yaxın olub-olmaması səbəblərinə əsasən dəyişir. Təmirli ilə təmirsizin, dayanacağa yaxın olanla uzaq olanın arasında təxminən 50-70 manat fərq var.

 “Maklerlər bağı” kimi tanınan ərazidə olub, əmlakçıların fikirlərini öyrəndik. 

Öyrəndik ki, hazırda kirayə mənzil bazarında gərginlik yaşanır. Mənzillər baha olduğu üçün sakinlər daha sərfəli ev axtarırlar. Sərfəli evi tapmaq isə müşkülə çevrilib...

Hazırda metroya yaxın ərazilərdə 1 otaqlı mənzil 250-300 manat, 2 otaqlı mənzil 300-350 manat, 3 otaqlı mənzil isə 380-400 manat arası qiymətlə təklif olunur. Bu qiymətlər daha çox əşyasız və orta təmirli evlərə aiddir.

 

“Makler” Firudin Babayev dedi ki, may ayında kirayə evlər çoxalır:

“Kirayə mənzil axtaran az olur, mənzil isə çox. Universitet başlayan vaxtlarda isə tərsinə olur. Yenidən mənzil qıtlığı yaşanır, qiymətlər də bahalaşır”.

Başqa bir ev dəllalı Qurban Seyidov bildirdi ki, satışa qoyulan və kirayə verilən mənzillərin qiyməti təxminən 15% artıb.

“2021-ci ilin sonunda alıcıların sayı çoxaldı, əksər mənzillər satıldığı üçün hazırda o qədər də çox ev yoxdur. Olanlar isə bahadır. Məsələn, mənzillərin  2 ay əvvəlki qiyməti indi olsa, mən və digər bu işlə məşğul olanlar günə bəlkə 10 ev satarıq. Amma indi bir evi belə çətinliklə satırıq. Eləcə də kirayə evlər. Əvvəlki illərə nisbətən kirayə evlər hazırda baha qiymətə təklif olunur.  Son 1 ayda bir dənə də olsun kirayə mənzil yaza bilməmişəm.

Ev yoxdur. Belə deyim, 5-6 ay əvvəl kirayə mənzil bazarında təklif olunan qiymətə indi ev tapmaq çətin məsələdir”.

“Maklerlər bağı” adlanan ərazidə həmsöhbət olduğumuz  Vaqif Hacıyev isə bunları söylədi: “Hazırda kirayə mənzillərin ən baha olduğu rayon Nizami rayonudur. Səbəbi isə odur ki, köhnə binaların söküntüsü başlayıb. Ona görə də rayondan fəhlələr ailəvi şəkildə Bakıya köçür.  Elə ev var ki, 700 manata təklif olunur. Amma bu evin kommunal xərcləri də olduğunu nəzərə almırlar. Əvvəl belə deyildi. Pandemiyada qiymətlər bahalaşdı.”

O, həm də bildirdi ki, bəzi ev sahibləri problem olan evə də baha qiymət qoyurlar.

“Məsələn, burada bir ev var 2 otaqlıdır. Kombi sistemi işləmir.  Ev sahibi də düzəltmir, amma evin kirayə qiyməti 350 manatdır. Kombisiz evi istəsin ki?  

“Makler”lər bildirdilər ki, hazırda metronun “Neftçilər” stansiyasının ətrafında köhnə binadan 300 manata kirayə ev  tapmaq mümkün deyil. 

 

Öyrəndik ki, kənar yerlərdə qiymətlər nisbətən ucuzdur. Məsələn, Qaraçuxurda 2 otaqlı evin qiyməti 200-220 manat arası dəyişir.  Eləcə də Bakıxanov qəsəbəsində  də evlərin kirayə qiyməti 200-250 manat arasında dəyişir.

“Makler”lər bildirdilər ki,  hazırda kirayə mənzillərin ən baha olduğu ərazi  “Neftçilər” və “Qara Qarayev” metrostansiyası yaxınlığında olan evlərdir.

Çünki regionlardan gələn şəxslər mərkəzi yerlərə  yox, bu ərazilərə üstünlük verirlər. Bu da həmin yerlərdə qiymətlərin artmasına səbəb olur.

Ümumi olaraq isə kirayə mənzillərin ən baha olduğu ərazilər mərkəzə yaxın olan ərazilər hesab edilir.