|
Şirkət direktorunu bıçaqlayan şəxsin cəzası azaldılıb

Gəncə Apellyasiya Məhkəməsi Bərdədə dayısını bıçaqlamaqda təqsirləndirilən Orxan Fərəcbəylinin cəzasını azaldıb.

Cia.az-in əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, O.Fərəcbəylinin əməli Cinayət Məcəlləsinin (CM) 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən həmin Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

O, CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib və təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin may ayında Bərdə rayonunun Şərəfli kəndində baş verib.

Kənd sakinləri - Şamil Qasımov və O.Fərəcbəyli arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. O.Fərəcbəyli bıçaqdan istifadə etmək istəyərkən Ş.Qasımovun atası Məzahir Qasımov araya girərək onları aralaşdırmağa çalışıb.

Bu zaman O.Fərəcbəyli dayısı M.Qasımova 3 bıçaq zərbəsi vurub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Fərəcbəyli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, “Azərtoxum” MMC-nin direktoru M.Qasımov 2005-2010-cu illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.