Ötən il dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra rəsmi İrəvan dəmir yol xətlərinin bərpası ilə bağlı fəaliyyətini intensivləşdirib. Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bununla bağlı komissiya yaradıb, layihə qiymətləndirməsi apararaq 200 milyon dollardan artıq smeta elan edib. Daha sonra o yolun tikintisi, istismarı ilə bağlı Rusiya və digər beynəlxalq vasitəçilər vasitəsilə təkliflərini açıqlayıb.
Maraqlıdır, Paşinyan niyə belə tələsir? Ötən 2021-ci il ərzində kommunikasiyaların açılmasını blok edən və sərhəd boyu pozuculuqla məşğul olan Baş nazirin məqəsdi nədir?
Politoloq Fərhad Məmmədov xatırladır ki, dəmir yolunun bərpası Zəngəzur dəhlizinin açılması prosesinin tərkib hissəsidir və məhz Ermənistan 2021-ci ildə bütün kommunikasiyaların eyni zamanda işə düşməsinə təkid edirdi.
"İndi isə o səylərini yalnız dəmir yolu üzərində cəmləşdirib və komissiya yaradıb. Baxmayaraq ki, bununla artıq üçtərəfli hökumətlərarası komissiya məşğul olur",-ekspert qeyd edib.

F.Məmmədovun sözlərinə görə, Paşinyan üçün əsas odur ki, dəmir yolu ilə bağlı razılaşma əldə olsun. Beləliklə, onun gələcək fəaliyyət formasını Ermənistan sərhədçiləri və gömrükçülərini müəyyənləşdirsin: "Bu işdə o, Avropa İttifaqının dəstəyinə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev o zaman dedi ki, gec-tez Laçın dəhlizində Azərbaycanın sərhəd- keçid məntəqələri yaradılacaq. Yəni Paşinyan dəmir yolunu üçtərəfli hökumətlərarası komissiyanın gündəliyindən təcrid etməyə çalışır. İrəvandan belə bir bəyanat da səsləndirilmişdi ki, dəmir yolunun bu hissəsini DTX idarə edəcək - sadəcə olaraq, özlərinin mütəxəssisləri yoxdur".
Politoloq əlavə edir ki, hazırda Ukrayna böhranına görə Rusiya ilə Qərb arasında ciddi qarşıdurma yaranıb. Bu da Azərbaycan və Rusiya arasında münasibətlərə təsir edir: "Dəmir yolu ilə bağlı ölkələrin kommunikasiyalar üzərində suverenliyinin saxlanması “maneəsiz keçid” anlayışının bərabərləşməsinə və nəticədə Rusiyanın prosesə müstəsna nəzarətinin zəifləməsinə gətirib çıxaracaq".
F.Məmmədov xatırladır ki, Ermənistanın Xarici işlər naziri və Təhlükəsizlik şurasının katibi Azərbaycanın Ermənistanın ilkin şərtlərini rədd etdikdən sonra qoşunların güzgü effekti ilə sərhəddən geri çəkilməsi kimi anormal təklif irəli sürüblər: "Bu təklifin özü də ilkin şərtdir. Konstruktivlik nümayiş etdirmək üçün Almatı bəyannaməsinə uyğun olaraq sərhədlərin tanınması ilə bağlı bəyanatlar verilir. Yəni, yalnız “Qarabağsız” sərhədin tanınması irəli sürülür. Azərbaycanın mövqeyi isə ərazi iddialarının rədd edilməsini ehtiva edir. Azərbaycan öz növbəsində keçən ay yarımda Ermənistanla dövlətlərarası münasibətlərin gündəliyinə yeni humanitar əməkdaşlıq bəndləri əlavə edərək, Paşinyanın sadalanan məsələlərlə bağlı bütün cəhdlərini ofsayda qoyub. Təbii ki, Azərbaycanın həm sərhədlərin dəqiqləşdirilməsinə, həm blokadanın açılması ilə bağlı qərarlara ehtiyacı var. Söhbət Zəngəzur dəhlizinin açılması ilə yanaşı sülh müqaviləsinin imzalanmasından gedir. Lakin regionda hazırki gərginlik şəraitində müəyyən qərarlar qəbul etməyə tələsməmək lazımdır. Hələ vaxt deyil!"
Politoloq qeyd edir ki, Ermənistanın təkbaşına öz mövqeyinin həyata keçirmək üçün resursları yoxdur: "Ona görə ki, dəmir yolu ilə bağlı qərar hansısa formada rəsmiləşdirilməlidir və bu, hökumətlərarası komissiyanın qərarı olmadan həyata keçirilə bilməz. Dəhlizin açılması ilə bağlı qərar qəbul etmək üçün ilk mərhələdə giriş-çıxış hissələrini heç olmasa koordinasiya etmək üçün sərhəd boyu prosesə başlamaq lazımdır. Bunun üçün isə Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır".
F.Məmmədovun sözlərinə görə, ilin əvvəlindən bəri Azərbaycanın Qərb üçün geosiyasi əhəmiyyətini artırması, Cənubi Qafqazın geosiyasi uyğunlaşmasında ən mühüm yer olması, regionda qəfil hadisələrin olmaması Azərbaycanın Rusiya üçün proqnozlaşdırıla bilən siyasəti razılaşmalar üçün ciddi baza yaradır: "Beləliklə “sükut” dövründə Azərbaycanın mövqeləri möhkəmlənir, lakin Ermənistan üçün “bu ölkə kimə lazımdır?!” imici möhkəmlənir".
