Bakıda ana narkotik vasitə aludəçisi olan oğullarının əməllərindən polisə şikayət edib. Valideyn bildirib ki, narkotik vasitə istifadəçisi olan uşaqları onu bezdirib.
Cia.az xəbər verir ki, ananın şikayətlərindən sonra qardaşlar bir neçə dəfə polisə çağrılaraq xəbərdarlıq edilib, müalicəyə göndərilmək təklif olunub. Amma onlar eyni əməllərinə davam ediblər. Polis əməkdaşları qardaşları nəzarətdə saxlayan zaman onların həm də narkotik vasitənin satışı ilə məşğul olduqlarını öyrəniblər.
Söhbət Əmircan qəsəbəsində yaşayan Qafarov qardaşlarının əməllərindən gedir. Sonuncu olaraq qardaşlardan Murad saxlanılıb. Muraddan əvvəl isə onun qardaşı narkotik satışına görə həbs edilib və hazırda cəzaçəkmə müəssisəsindədir.
Murad Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən 6 qramdan çox heroin götürülüb. Murad isə özünü yanız narkotikdən istifadədə təqsirli bilərək deyib ki, üzərindən çıxdığı deyilən narkotik ona məxsus deyil.
İki uşaq atası olan Murad söyləyib ki, heroini səhhətində olan problemə görə istifadə edirmiş. O da məlum olub ki, Murad daha əvvəl su mühəriklərini oğurladığı üzün inzibati qaydada cəzalandırılıb. O, həmin su mühərriklərini sataraq narkotik vasitə alırmış.
Məhkəmə Muradı 6 il müddətinə azadlıqdan məhrum edib. Həm də onun məcburi müalicə üçün ərazi narkoloji dispanserdə qeydiyyata alınması barədə qərar verilib.
