|
Rusiyada azərbaycanlı vəkil dələduzluğa məruz qalıb

Rusiyanın tanınmış azərbaycanlı vəkil Elman Paşayev dələduzluğa məruz qalıb.

Cia.az-ın xəbərinə görə, bu barədə E. Paşayev özü yerli KİV-ə bildirib.

Onun sözlərinə görə, dələduzluq edən şəxs tanışıdır: “Bu hadisə çoxdan, üç il əvvəl baş verib. Tanışıma 1 milyon rubl və 8,6 min dollar borc pul verdim. Onun arvadı mənim baş mühasibim idi. O, dürüst, doğru insan idi. Avtomobil təmiri üzrə yüksək səviyyəli usta idi. Avtoservis açmaq istəyirdi, bu pullara isə avadanlıq almağı planlaşdırırdı. Bu adam yarım il dedi ki, pulu bu gün qaytaracaq, sabah qaytaracaq. Daha sonra itdi, hələ də əlaqəyə çıxmır”.

Paşayev külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət işi başlanması üçün polisə müraciət etdiyini vurğulayıb, polis artıq araşdırmalara başlayıb.

Qeyd edək ki, Elman Paşayev avtomobil qəzası törədərək insan ölümünə səbəb olan aktyor Mixail Yefremovun vəkili kimi Rusiyada ictimaiyyət arasında məşhurlaşıb. Lakin bu prosesdən sonra Rusiya Ədliyyə Nazirliyi Paşayevin vəkillik statusunu müvəqqəti olaraq əlindən alıb.