|
Reproduktiv sağlamlıqla bağlı sorğu keçiriləcək

"Bu il reproduktiv sağlamlığın vəziyyətinin öyrənilməsi üçün əhali arasında sorğunun keçirilməsi nəzərdə tutulub ".

Bunu APA-ya İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

N. Seyidov deyib ki, reproduktiv sağlamlığın təşviqi ilə bağlı xüsusi tədbirlər planı da hazırlanır: “Bu istiqamətdə nazirlik tərəfindən tapşırıq verilib, bu plan da hazırlanmaq üzrədir".

N.Seyidov qeyd edib ki, ötən il reproduktiv sağlamlıqla bağlı İSİM tərəfindən iki mobil tətbiq hazırlanıb: "Mobil tətbiqin biri hamiləlik, hamiləlikdən sonrakı qayğı və yeni doğulanlara qayğı ilə bağlı olub. "Reproduktiv sağlamlıq" adında digər mobil tətbiqdə isə daha çox məktəb yaşlı uşaqlara və onların valideynlərinə yönəlik məlumatlar əksini tapıb. İSİM Təhsili Nazirliyi və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində artıq 4 ildir ki, 6-7-8-ci siniflərdə oxuyan 30-50 min uşaq üçün hər il 2 saatlıq reproduktiv sağlamlıqla bağlı seminarlar keçirir. Təhsil Nazirliyi tərəfindən ildə 8 saat reproduktiv sağlamlıqla bağlı dərslər artıq 2 ildir tətbiq olunur".