Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində tələbələrin təhsil borclarının açıq şəkildə yayılmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılıb.
Bu barədə “Qafqazinfo”ya universitetin mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq məlumat verib. O bildirib ki, sözügedən dekanlıqdaxili sənəd vatsap qrupları vasitəsilə yayılıb: “Dekanlığın tyutoru özbaşına olaraq imtahanöncəsi tələbələri məlumatlandırmaq məqsədilə onların ümumi vatsap qruplarına atıb. Əslində tyutor çox böyük səhv edib. Rəhbərlik onun bu addımına qarşıdır.
Qeyd edək ki, sözügedən siyahı bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, təhsil borcları olan şəxslərin adının açıq şəkildə nümayişi şəxsiyyətin alçaldılması kimi qiymətləndirilir. Fotosu paylaşılan kağız vərəqdə tələbələrin adları ixtisasları üzrə qeyd edilmişdi.
