|
“2022-ci ilin Azərbaycan tarixinə Böyük Qayıdış ili kimi yazılacağına əminik”

“Azərbaycan tarixinin uğur səhifələrini zənginləşdirən daha bir ili arxada qoyuruq. Hər bir ilin hesabat xarakteri daşıdığını nəzərə alıb “2021-ci il ölkəmizin təqdimatına hansı əlavələri etdi” sualını cavablandırmaq istədik. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur ki, artıq uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanımıza baxış keçiririk. Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın bu gününə və gələcəyinə nəzər salmaq sevincini bizlərə yaşadan  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı ifadə edir, canları, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. 2021-ci ilin uğurlarla zəngin bir il kimi tarixə qovuşmasını şərtləndirən digər amil isə xalqımızın birliyi, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsidir. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizə səfərlərində bu fikri daim bəyan edir ki, 44 günlük Vətən müharibəsində birliyimiz sayəsində tarixi Zəfərə necə nail olduqsa, işğaldan azad edilmiş ərazilərimizdə də bərpa və quruculuq işlərini uğurla həyata keçirəcək və Böyük Qayıdışı təmin edəcəyik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi sahibinə qovuşan torpaqlarımıza  hər bir səfəri Böyük Qayıdışı  yaxınlaşdırır. Bu ərazilərdə müasir idarəçilik sisteminin yaradılması, yeni sosial obyektlərin təməlinin qoyulması, açılışı 2021-ci ili səciyyələndirən uğurlar sırasındadır”.

Cia.az xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.