Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulan hissəsində ilk dəfə olaraq qatarların hərəkətinə başlanılıb.
Bu barədə Cia.az-a Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Qeyd olunub ki, ikixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir. Sumqayıt-Yalama dəmir yolunun Şabran-Çarxı istiqamətində mövcud xətlə yanaşı yeni inşa edilmiş xətt də istifadəyə verilib. Beləliklə, layihə çərçivəsində ilk 23 km dəmir yolu xətti yenidən qurularaq hərəkətə açılıb.
Hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilir. Yol boyu 13 ədəd yerüstü piyada keçidinin və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi planlaşdırılır. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda inşa ediləcək yerüstü piyada keçidləri fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunacaq.
Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərində qənaət, ətraf mühitə təsirinin azaldılması, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək.
Qeyd edək ki, yenidənqurma işlərinə 2020-ci il 18 fevral tarixində start verilib.
