“Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir, təbriklər gəlir, həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardan, təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara - mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm”.
Cia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşanın Cıdır düzündə çıxış edərkən deyib.
Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir.
Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - dövlət başçısı vurğulayıb.
