Coca-Cola Fondunun əsas dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən
“New Generation 2.0” (“Yeni Nəsil 2.0”) layihəsinin 22 dekabr tarixində baş tutan bağlanış
mərasimində qaliblər müəyyənləşdirilib.

Birinci yerə “Yoochamp” komandası (10.000 azn), ikinci yerə “GreenBomb” komandası (7.000
azn), üçüncü yerə “Buta” komandası (5.000 azn) layiq görülüb. Layihədə həvəsləndirici meyar
olaraq dördüncü yeri “Bonpini” komandası (2.000 azn) və beşinci yeri isə “Hamsa-
recyling”komandası (1.500 azn) qazanıb.
Beş mərhələdən ibarət olan layihə, ümumilikdə, Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-
Zaqatala, Sabirabad və Lənkəran bölgələrindən olan 3500 gənci əhatə edib.
“New Generation 2.0” layihəsi HoReCa (otel, restoran, keytrinq), innovasiya-startap,
rəqəmsallaşma və kənd təsərrüfatı istiqamətlərini əhatə edib. Layihə çərçivəsində sahibkarlıq
yönündə maarifləndirmə, innovativ ekosistemin yaradılması, biznes ideyalarının yaradılması
kimi mövzularda təlim və tədbirlər keçirilib. Layihə müddətində iştirakçılar üçün mentor dəstəyi
ilə yanaşı, investisiya fondu mükafatı da qoyulub.

Bir ili əhatə edən layihənin bağlanış mərasimində, finala vəsiqə qazanan 20 komanda öz
layihələrini təqdim edib. Münsiflər heyətinin qərarı ilə beş komanda mükafata layiq görülüb.
Bağlanış mərasimi Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira
Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov,
Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya
direktoru Elşad Fərzəliyev, Azərbaycan Respublikasının Milli Məcilisinin Deputatı, Şahin
Seyidzadə, Vüqar Bayramov və digər rəsmilərin iştirakı ilə həyata keçirilib.

“Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin meneceri Talifa
İsgəndərlinin açılış nitqindən sonra dövlət rəsmiləri də layihə ilə bağlı fikirlərini, eyni zamanda
sahibkarlıq ideologiyasının yeni nəsil üçün nə qədər vacib olduğunu vurğulayıblar.
Mərasimin sonunda “Yeni Nəsil 2.0” layihəsinin və 10 illiklərini qeyd edən “Youth Inc.”
Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin hesabat video çarxları təqdim olunub.
Qeyd edək ki, “Yeni Nəsil 2.0” (“New Generation 2.0”) layihəsi, Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkəti, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq
İnkişaf Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı və “Youth
Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.
