Türkiyənin İstanbul şəhərində güclü fırtına fəsadlar törədib. Sürəti saatda 125-150 kilometrə çatan küləklər çoxsaylı dağıntılara səbəb olub. Fırtına onlarla evin damını uçurub. Güclü küləklər elektrik dirəklərini aşırıb, ağacları kökündən çıxarıb. Mərkəzi küçələrdən birində avtobusun üzərinə aşan ağac və elektrik dirəyi, az qalsın, faciə ilə nəticələnəcəkdi. Xoşbəxtlikdən, hadisə nəticəsində insan itkisi olmayıb.
Yolların üzərinə aşan ağaclar nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Güclü yağış yollarda qəzalara da səbəb olub. Bir sərnişin avtobusunun yolda sürüşərək 20 dərəyə uçması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb. Sərnişinlər dərhal xəstəxanaya yerləşdiriliblər.
Küləklər, Atatürk Hava Limanında da problemlərə səbəb olub. Məlumata görə, güclü küləklərlə əlaqədar 14 təyyarə hava limanına eniş edə bilməyib. Vəziyyətlə əlaqədar təyyarələr başqa hava limanınlarına yönləndiriliblər.
Oxşar hava şəraiti Macarıstanda da müşahidə olunub. Gecə ilə əsən güclü küləklər dağıntılar törədib. Evlərin damları uçub. Avtomobillərə ziyan dəyib. Elektrik şəbəkələrinin sıradan çıxması nəticəsində bir neçə region işıqsız qalıb.
Avropalı meteoroloqlar qitənin cənub-şərq bölgəsində pis hava şəraitinin sabaha qədər davam edəcəyini proqnozlaşdırıblar.
Cia.az
