Artıq bir neçə gündür məktəblərdə Valideyn-Müəllim Assosiasiyası (VMA) tərəfindən pul yığılması ilə bağlı məsələ müzakirə olunur. Təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə də bu məsələyə toxunaraq iki modeldən birinin əsas götürülməli olduğunu açıqlayıb. Onun sözlərinə görə, təhsil müəssisələri ya tamamilə dövlət tərəfindən maliyyələşdirilməli, valideynlər bu prosesdə iştirak etməməli, ya da təhsil müəssisələrinə könüllü ianələrin olması qəbul olunmalı və bununla bağlı şəffaf mexanizm hazırlanmalıdır.
Cia.az xəbər verir ki, nazirin çıxışından sonra sosial şəbəkələrdə məsələ geniş müzakirələrə səbəb olub, bəzi valideynlər məktəblərə könüllü ianələrin olması fikrini dəstəkləyən təkliflərlə çıxış ediblər. Onlar hesab edirlər ki, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırlması, dərs keyfiyyətinin artırılması üçün könüllü ianələrin olması vacibdir.
Bu gün Bakı Dövlət Universitetinin müəllimi, jurnalist Aynur Nəsirova da bir valideyn kimi təhsilə dəstək göstərməyə hazır olduğunu açıqlayıb. O bu barədə sosial şəbəkə hesabında yazıb:
“Bir valideyn olaraq təhsil nazirinə müraciət eləyirəm, mən hər ay repetitorlara, taksilərə, uşağımın gec saatlarda küçədə olması həyəcanından həkim və dərmanlara ödədiyim pulu rəsmi şəkildə təhsilə ödəməyə razıyam. Təki orta məktəblərdə təhsilin səviyyəsi artırılsın”.
