|
Birinci vitse-prezidentə və vitse-prezidentlərə diplomatik pasport ömürlük veriləcək - yeni qanun

Milli Məclisin bu gün keçirilən iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edildi. Bildirildi ki, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir. Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

 Deputatlar qanun layihəsini dəstəklədilər. Deputat Fəzail Ağamalı isə hətta bu qanunun qəbulu ilə bağlı gecikdiklərini söylədi. Cavabında komitə sədri Əli Hüseynli dedi ki, hər hansı gecikmə olmayıb, sadəcə prosedur qaydalara uyğun olaraq qanuna dəyişiklik indi həyata keçirilir.

 Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edildi.