|
Odessada Həmrəylik günü qeyd edildi

Ukraynanın Odessa vilayətində yaşayan azərbaycanlılarla görüş keçirilib, yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib.

Diaspora ilə iş üzrə Dövlət Komitəsindən Cia.az-a verilən məlumata görə, icma ilə görüşdə Ukraynada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları, Odessa vilayətin müxtəlif şəhərlərində yaşayan 60-dan çox soydaşımız, eləcə də Ukrayna Azərbaycanlıları Radasının (RAU) həmsədri Hikmət Cavadov, baş katibi Ceyhun Məmmədov və digər təmsilçiləri iştirak edib. 

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək, Vətən müharibəsində, eləcə də Zəfərimizin ilk ildönümündə Azərbaycan diasporunun, Koordinasiya şuraları və Azərbaycan evlərinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Dövlət Komitəsinin koordinasiyası və xaricdəki icmalarımızın təşkilatçılığı ilə 44 gün ərzində onlarla ölkədə 200-ə yaxın tədbir keçirilib, bunun da 100-ü mitinq, aksiya olub. 500-dən çox məqalə xarici kütləvi informasiya vasitələrində dərc edilib. Aparat rəhbəri Dövlət Komitəsinin dəstəyi ilə onlarla tanınmış xarici media nümayəndəsinin Qarabağa, xaricdəki soydaşlarımızın Şuşaya səfərlərinin təşkil olunduğunu diqqətə çatdırıb.

“Birlik” Odessa Azərbaycanlılarının Diasporu İctimai Təşkilatının rəhbəri Rövşən Quliyev böyük qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə icma adından təşəkkür edərək, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib. 

Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirən Dövlət Komitəsinin I Ərazi şöbəsinin müdiri Ruslan Quliyev qeyd edib ki, Ukrayna Ali Radası üzvlərinin Azərbaycana çoxsaylı səfərlərini təşkil edən diaspor təşkilatları Qarabağ həqiqətlərinin təbliğində böyük rol oynadı, Odessadakı cəmiyyətlər isə Ukrayna Azərbaycanlıları Radası yaradıldıqdan sonra bu proseslərə öz töhfəsini verərək “Birlik” təşkilatını və Odessa Azərbaycan Evini yaratdı. 

Daha sonra çıxış edən UAK-ın həmsədri Hikmət Cavadov Qarabağ Zəfərindən sonra Azərbaycan diasporu qarşısında duran vəzifələrdən danışaraq, Ukraynada soydaşlarımızın hüquqlarının qorunması, diaspor nümayəndələrinə kriminal və digər təzyiqlərin qarşısının alınması, gənclərə dəstəyin göstərilməsi, seçkilərdə fəallığın artırılması istiqamətində daha çox iş görməyin vacibliyini qeyd edib.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videohesabat təqdim olunub.

Daha sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Odessadakı Azərbaycan cəmiyyətlərinin birləşməsi istiqamətində, diasporun inkişafında göstərdiyi xidmətlərə görə bir qrup diaspor fəalı fəxri fərmanlarla təltif olunub.